"Dövlət imtahanlarının ləğv edilməsinin əsas səbəbi bu imtahanlardan bir ay sonra məzunların Elm və Təhsil Nazirliyində müəllimlərin işə qəbulu (MİQ) imtahanı verməsidir. Bu, cəmiyyətdə haqlı narazılıq yaratdığı üçün nazirlik MİQ-i saxladı, dövlət imtahanlarını isə ləğv etdi. Təbii ki, burada bəzi kooperativ maraqlar da yox deyil".TehsilMedia.az xəbər verir ki, bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti İlham Əhmədov bildirib.
Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyinin son illər fəaliyyətinin xeyli zəifləməsi, AMEA-nın nazirliyə inteqrasiya proseslərinin çox ləng getməsi, bu qurumun qarşısına qoyulan məqsədlərə nail ola bilməməsi, nazirliyin qüsurlu kadr siyasıti və nəticədə təhsilin sürətlə tənəzzül etməsi, cəmiyyətdə nazirliyə olan etimadı xeyli azaldıb:
"Bunu mətbuatdan və sosial şəbələkərdə gedən davamlı müzakirələrdən də görmək mümkündür.
Təklif edirəm ki, müəllimlərin və direktorların işə qəbulu, sertifikasiya və s. imtahanların daha keyfiyyətli, peşəkar və obyektiv təşkili üçün bu imtahanları bu sahədə zəngin təcrübə və müsbət imicə sahib, peşəkar qurum olan Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə edilsin. Bu ümumi işin xeyrinə olar".
İ.Əhmədovun fikirlərinə görə, 25 ildə heç 5-6 normal dərsliyi yazlb ortalığa çıxara bilməyən bir qurumun belə mürəkkəb işləri səriştəli həll edəcəyi inandırıcı deyil:
"Bu proseslərdə əvvəllər yaranmış bir sıra problemlər də bunu sübut edir. Pedaqoji ictimaiyyəti bu təkliflə əlaqəli müzakirəyə dəvət edirəm".