Son zamanlar uşaqların, xüsusilə azyaşlı qızların sosial şəbəkələrdə yayılan rəqs videoları birmənalı qarşılanmır.
“Qafqazinfo” xəbər verir ki, baxış sayı rəqabətinə girən həmin videolarda azyaşlılar bayağı mahnıların sədaları altında rəqs etdirilir, onlara alqış da çalınır. Hətta valideynləri, müəllimləri tərəfindən tanıdılmış bəzi uşaqlar artıq toy məclislərinə də dəvət alır, orada oynamaqla yanaşı, mahnı da ifa edirlər.
Sözügedən videoların üstünə isə əlaqə nömrələri, ünvanlar qeyd edilir. Qısası, uşaqlar istismar edilərək onlardan reklam məqsədilə istifadə olunur.
Sosial şəbəkələrdəki müzakirələrdə də əsas tənqid hədəfi təbii olaraq valideynlər və müəllimlərdir. Ana-atanın övladına rəqs bacarığı aşılamaq istəyi çox normaldır. Amma məsələ burasındadır ki, bu çarpaz, qeyri-estetik ayaq hərəkətləri rəqs deyil.
Əslində uşaqlara standart hərəkətləri öyrədən şəxslərə müəllim də demək olmaz. Heç bir yaradıcı yanaşması olmayan həvəskarlar eyni jestləri cins, yaş, status fərqi olmadan hər kəsə öyrədirlər. Peşəkar rəqqaslar da bu məsələyə reaksiya verir, milli rəqslərimizin unudulmasından qorxurlar.