Təhsil Tələbə Kredit Fondu olmasaydı, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi olmaq arzularını reallaşdıra bilməyəcək, planlaşdırdıqları kimi bir qrupda təhsil ala bilməyəcəkdilər.
"Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bunumi danışan əkiz Qasımzadə qardaşları deyiblər.
Kərim və Kamran Qasımzadə qardaşları Salyan rayonundandırlar. Rayonunun Albatan kəndində doğulub böyüyüblər. Salyan şəhər 4 nömrəli tam orta məktəbinə gediblər. Böyük futbol həvəskarıdır ikisi də. Bir sinifdə oxuyub, bir komandada oynayıblar. Bir sinifdə, bir parta arxasında oturublar. Məktəbdən eyni vaxtda məzun olub, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak ediblər. Nəticələr uğurlu olub, qardaşlar istədikləri ixtisasa qəbul olunublar, amma ödənişli olduğundan arzularının yarımçıq qalacağını düşünüblər.
“Təhsil Tələbə Krediti Fondunun dəstəyi olmasa, qardaşımla ali məktəbdə də eyni qrupda, bir yerdə təhsil almaq arzumuz reallaşmayacaqdı. İkimizdən biri fərqli ixtisasda oxuyacaqdı”.
Bu tədris ilindən Azərbaycan Dövlət Dəniz Akademiyası Gəmi energetik qurğların istismarı fakültəsində "Mexanik" ixtisası üzrə təhsil alırlar. I kurs tələbəsi olan qardaşlar Təhsil Tələbə Krediti Fondundan kredit alaraq eyni ixtisas üzrə təhsil almaq imkanı əldə ediblər. Kərim Qasımzadənin sözlərinə görə, belə bir imkan olduğu barədə məlumatı ixtisas seçimi zamanı öyrəniblər: “Təhsil krediti barədə bizə "ASAN xidmət" mərkəzində məlumat verdilər. Kredit şərtləri, bu kreditin üstünlüklərini orada öyrəndik və qərar verdik. Mən 331 bal, qardaşım isə 335 bal toplamışdı. Heç birimiz istədiyimiz ixtisas üzrə dövlət sifarişi əsasında oxuya bilməyəcəkdik. Bu ixtisas üzrə dövlət sifarişli yerin keçid balı 370 bal idi. Kredit imkanı barədə eşidəndə çox sevindik. Həm istədiyimiz ixtisasda, həm də ikimiz də oxuya biləcəkdik”.Kərimin sözlərinə görə, ailənin imkanı onlardan ancaq birinin təhsil haqqını ödəməyə imkan verəcəkdi. Digəri məcburən başqa ixtisasa yönəlməli idi: “Bu da bir-birimizdən ayrılmağımız demək idi, bunu da heç birimiz istəmirdik. Təhsil krediti imkanından yararlana biləcəyimizi öyrənən kimi ikimiz də eyni ixtisası seçdik”.
Dünyaya gəldikləri gündən bəri həyatın hər anını paylaşıblar. Bərabər gəldikləri dünyada hər uğura birlikdə nail olublar. Biri olmadan, o biri üçün də uğur ikinci plana keçib və artıq gəlib gənclik çağına çatıblar. Gəncliklərini də dolu-dolu yaşayacaqlarını deyirlər: “Təhsil Tələbə Krediti Fondunun dəstəyini ən çox ehtiyac hiss etdiyimiz vaxtda qazandıq. Bu dəstəyi itirməməkdən ötrü bacardığımız qədər çox çalışacağıq. Hətta əla nəticələrlə təhsil alıb götürdüyümüz kreditin müəyyən faizinin güzəşt olunmasına da nail olmağa çalışacağıq”.