"Məktəb müəllimlərinin sertifikasiyası prosesi vüsət alıb. Müəllimlər sualların adekvat olmamasından, çox çətin olmasından şikayət edirlər. Bu prosesə başlayanda Elm və Təhsil Nazirliyi deyirdi ki, müəllimlərin arasında savadsızlar, saxta diplomlular çoxdur, ona görə sertifikasiyaya ehtiyac var. Amma sonralar saxta diplomluları da sertifikasiyaya dəvət etdilər, sanki bu proses 4 il universitet oxumaqdan daha mötəbərdir. Belə getsə, deyəsən növbəti nazir də deyəcək ki, məndən əvvəlki sertifikasiyanın nəticələrini tanımıram, hamı yenidən sertifikasiyadan keçməlidir".
TehsilMedia.az xəbər verir ki, bu sözləri "Tehsil.biz"ə təhsil eksperti İlham Əhmədov deyib.
O bildirib ki, əgər savadsız adam müəllim işləyirsə, deməli təhsil sistemi səmərəli işləmir:
"Çünki bu savadsız müəllim hələ 6 yaşı olanda məktəbə gəlib, 10 il oxuyub sonda attestat alıb, əlavə 4- 6 il oxuyub, sonda ali təhsil diplomu alıb. Müəyyən prosedurlarla işə qəbul olunub, illərlə məktəbdə müəllim işləyib, təlimlərə gedib, iş təcrübəsi toplayıb. İndi necə oldu ki, bu müəllimlər savadsız oldu? Deməli, təhsil sistemi öz işini düz qura bilməyib, öz yetirmələrini bəyənmir. Bu müəllim 6 yaşından təhsil sisteminin nəzarətində olub, pillə-pillə irəliləyib, bəs niyə onu keyfiyyətli müəllim kimi hazırlaya bilməyib? Kimdir günahkar? Ən az günah sahibi müəllimdir. Kimlərinsə müəyyən maraqlara görə təhsil sistemini çökdürməsi nəticəsində ziyanı niyə müəllimlər çəkməlidirlər?"
İlham Əhmədov bildirib ki, sertifikasiya prosesi bu problemin həlli deyil:
"Sertifikasiyanı da bu prosesləri düzgün qura bilməyən təhsil sistemi aparır. Bu təhsil sistemi müəllimə vaxtı ilə attestatı, diplomu necə veribsə, işə necə qəbul edibsə, sertifikasiyanı da elə aparacaq. Bütün bunlar yeni vakant yerlərin açılmasına və iş görüntüsü yaratmağa xidmət edir. Arada xeyli adam uduzur, az sayda adamlar udurlar".
İ.Əhmədovun sözlərinə görə, ölkədə 20 il ərzində müəllimlərin təkmilləşdirmə sistemi olmadığı halda sertifikasiya aparmaq tam absurd işdir:
"Əgər bu proses həqiqətən təhsil naminə edilirsə, onda təcili olaraq ölkədə müəllimlərin təkmilləşdirmə sistemi bərpa olunmalıdır. Amma bunu etməzlər, çünki sertifikasiya prosesində xeyli adam uduzur, az sayda adamlar udurlar".