Əli Əlizadə: “Burada müəllimlərə böyük hörmət var”
Həmişə xaricdə təhsil alan gənclərimizi paylaşıb, onların təhsili, həyat tərzi və s. barədə məlumatlar veririk. Bu dəfə isə fərqlilik edərək xaricdə müəllim kimi fəaliyyət göstərən həmyerlimiz barədə danışmaq istəyirik.
Təhsil Portalı bir vaxtlar Çində, indi isə Vyetnamda müəllim kimi fəaliyyət göstərən Əli Əlizadə ilə olan müsahibəsini təqdim edir..
- Əli müəllim, oxucularımızın sizi yaxından tanıması üçün özünüzü təqdim edərdiniz...
- Mən, Bakı Dövlət Universitetinin regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasında təhsil almışam. Məzun olduqdan sonra bizim fakültədəki uşaqlardan bəziləri Çində təhsil almağa getdilər. Elə həmin vaxtdan məndə də Çinə maraq yarandı. Beləcə, BDU-nun nəzdindəki Konfutsi İnstitutunda Çin dilini öyrənməyə başladım. Dili öyrəndikdən sonra imtahan verərək Çinin Anxoy Universitetinə qəbul oldum və 1 il yarım həmin universitetdə Çin dili və ədəbiyyatı oxudum. Təhsil aldığım müddətdə bağçalarda və təlim mərkəzlərində ingilis dili müəllimi kimi işləyirdim. Hazırda Vyetnamda məktəbdə 1-5 siniflərə, eləcə də “English Center”-də 5-15 yaş aralığındakı uşaqlara dərs keçirə
- Çindəki təhsil barədə nə deyə bilərsiniz? Azərbaycandakı təhsil sistemi ilə arasındakı fərqlər nələrdən ibarətdir?
Çindəki təhsillə Azərbaycandakı təhsil arasında çox böyük fərq var. Düşünürəm ki, buna səbəb Çinin inkişaf etmiş ölkə olmasıdır. Bu ölkədə TOP universitetləri var ki, onlar dünya reytinqində ön sıralardadır. Mən öz təhsil aldığım universitet barədə danışmaq istəyirəm. Deməli, bu təhsil ocağı Xefey şəhərində yerləşir hansı ki, bura 4-5 milyona yaxın əhalisi olan kiçik bir ərazidir. Ancaq buna baxmayaraq universitetin 2 kampusu var. Kampusda supermarket, restoran, kitabxana, idman zalları mövcuddur. Nəzərə alsaq ki, hələ bura heç TOP universitet də deyil. Qeyd edim ki, orada təhsil çinlilər üçün nisbətən rahatdır. Məktəbə gəlincə isə burada təhsil 2 növbəlidir. Əksər məktəblərdə uşaqlar 11:30-dan 14:00-a kimi olan vaxtda məktəbdə öz sinif otaqlarında yataqlarını sərərək yatırlar. 14:00-dan 17:00-a kimi isə yenidən dərslərinə davam edirlər. Ancaq ümumilikdə təhsil sistemləri Azərbacandakından çox çətindir. Nəinki Çində, hətta Vyetnamda da uşaqlar hədsiz çox yüklənir. Buna baxmayaraq, hər həftə bütün məktəblərdə uşaqlar üçün müsabiqələr, eləcə də oyunlar təşkil edirlər. Bu da onların yükünü nisbətən xəfifləşdirir.
- Əli müəllim, ölkəmizdə demək olar ki, bir çox abituriyent ali məktəbə qəbul üçün kurslara, repetitor yanına gedir. Bəs sizin yaşadığınız ölkələrdə repetitor və ya hazırlıq kursları populyardırmı?Bütün Asiya ölkələrində bir sistem var ki, uşaqlar bağçadan, universitetə kimi kurslara gedirlər. Bu kurslara rəssamlıq, musiqi alətlərini ifa etmək və s. daxildir. Bir çox uşaq isə ingilis dili öyrənmək üçün fərdi hazırlıq keçirlər. Ancaq məktəblərin 90%-də 10,11 və 12-ci siniflərdən etibarən şagirdlər öz seçdikləri fənlər üzrə oxuyurlar. Bu zaman son 3 ili 10-15 fənni yox, 4-5 fənni tədris alırlar.
- Çinin, Vyetnamın adət-ənənələri və mətbəx mədəniyyəti haqqında nə düşünürsünüz? Azərbaycandan köçdükdən sonra oradakı həyat tərzinə necə adaptasiya oldunuz?
- İlk dəfə Çinə gedəndə şok yaşamışdım deyə bilərəm. Təsəvvür edin, ətrafımda öz dilimizdə, hətta ingilis dilində belə danışmayan insanlarla eyni mühitdə idim. Tamamilə fərqli bir dünyaya düşmüşdüm. 23 il Azərbaycanda, buranın mədəniyyətində böyüyüb, yaşamış biri olaraq Çində ilk 5 ayım çox çətin keçdi. Ancaq yavaş-yavaş adaptasiya ola bildim. 1,5-2 ay yeməklərlə bağlı çətinlik çəkdim. İndi isə Vyetnamda yaşayan olaraq Çin yeməkləri üçün çox darıxdığımı deyə bilərəm.
Çinin adət-ənənələri çox fərqlidir. Orada insanların əksəriyyəti ya ateistdirlər, ya da buddist. Onlar çox dünyagörüşlü insandırlar. Hər şeyi dərd edən xalq deyillər. Deyə bilərəm ki, Çində hər kəs xoşbəxtdir. Küçəyə çıxanda heç kimi qaşqabaqlı görə bilməzsiniz. Xüsusən də Çində yaşayan xarici vətəndaşsınızsa, hər kəs sizə baxıb gülümsəyəcək. Bu cəhətdən çox xoş auraları var. Onu deyə bilərəm ki, əgər Asiyaya gəlmək istəyirsinizsə, mütləq sosial olmalısınız. Çünki buradakı insanlar çox sosialdırlar.
- İnstagram platformanızda şagirdlərinizlə olan videolara baxdıqda, çox səmimi olduğunuzun şahidi oluruq. Uşaqlarla səmimiyyəti necə yaratmısınız?Mən Azərbaycanda məktəbdə təhsil alarkən müəllimin etdiyi hansı hərəkəti bəyənməmişəmsə, işlədiyim vaxt onu uşaqların üzərində tətbiq etmirəm. Təbii ki, istisnalar olur, o da sinfə və uşağa görə dəyişir. Həmişə çalışıram ki, dərslər maraqlı keçsin. Bunu da müəyyən vasitələrlə edirəm. Məsələn 1,2 və 3-cü siniflərə dərs keçərkən, onları 4 komandaya ayırıram. Komanda üzvlərinin cavablarına görə qruplara lövhədə ulduzlar verirəm. Dərs sonunda ulduz sayına görə qalib komanda “sticker” alır. Çalışıram ki, dərsləri həmin yaş qruplarına uyğun oyunlarla izah edim. Ümumiyyətlə bütün fənlər uşaqlar üçün sıxıcıdır və onlar bir yerdə oturmaq istəmirlər. Əslində normaldır, çünki onlar uşaqdırlar, oynamağa meyillidirlər. Dərsi oyun texnikası ilə izah etdikdə isə daha yaxşı qavrayırlar. 4-5-ci siniflərdə isə həftədə 2 dəfə dərs keçirəm. Onlarla razılaşmışıq ki, hər iki dərsdə aktiv olan ən yaxşı 6 şagirdə hədiyyə verəcəm. Bu hədiyyə “leqo oyuncağı”dır. Düşünürəm ki, bu yaş qrupundakı uşaqlar üçün leqo ən idealıdır.
Təlim mərkəzlərində isə uşaqlar müəyyən səviyyəyə keçdikdən sonra onlara hədiyyələr alıram və birlikdə xırda şənliklər keçiririk.
- Demək olar ki, hər sinifdə “çətin, nadinc” uşaqlar olur, onlarla necə ünsiyyət yaradırsınız?
- Bəzi siniflərdə nadinc uşaqlar var. Mən dərs keçən zaman sinifdə başqa bir vyetnamlı müəllim də olur. Həmin uşaqlarla əsasən o müəllim məşğul olur. Misal üçün xətkeşlə ehmalca uşaqların əllərinə vururlar. Bu hal biz oxuduğumuz vaxtlar Azərbaycanda da var idi. Əgər bir uşaq çox nadincdirsə, həmin uşağa görə bütün sinfi 3-4 dəqiqə ayaqda saxlayıram. Çalışıram ki, hər şeyi öz dozasında edim. Oyunu da, dostluğu da, hörməti də, ciddiyyəti də. Bir uşaq səs salırsa, ona görə bütün uşaqlar əziyyət çəkəcək. Bu ya ayağa qalxmaq olacaq, ya da bir mətni 4 dəfə ardıcıl oxuyacaqlar.Çox gözəl. Əli müəllim, bəs tədris prosesi ilə məşğul olduğunuz hər iki ölkədə müəllimlik sənətinə necə qiymət verilir?
- Vyetnam haqqında daha çox təəssüratım var, çünki Çində təhsil alaraq işlədiyim üçün özümü çox da işin içində görə bilmirdim. Vyetnamda isə ancaq müəllimliklə məşğulam.
Keçən il ilk dəfə 10-cu siniflərə dərs keçirdim. Məktəbin həyətində olarkən şagirdlərin hər biri yanımdan keçəndə baş əyirdilər. Təəccüblənib vyetnamlı müəllimdən soruşdum ki, “niyə baş əyirlər?” o, bildirdi ki, bunu müəllimə hörmət əlaməti olaraq edirlər. Bu da onların müəllimə verdiyi dəyərdən irəli gəlir. Ümumiyyətlə bütün Asiya ölkələrində müəllimlərin çox yaxşı imtiyazları var. Müəllimlər üçün hər yer “yaşıl işıqdır”. Təkcə yerli yox, eləcə də əcnəbi müəllimlərə ayrılıqda böyük dəyər verirlər.