Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə minnətdarlıq məktubu ünvanlanıb.
TehsilMedia.az xəbər verir ki, məktubda bildirilir:
“Hörmətli İsa müəllim!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birini yaşadı. Bu böyük qələbə İlham Əliyevin yorulmaz əməyi, uzun illər böyük ustalıqla formalaşdırdığı xarici siyasət, Azərbaycan xalqının birlik və bərabərliyinin məhsuludur.
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları kampaniyalarına yekun vurulmuşdur. Bu il buraxılış imtahanları respublikanın bütün bölgələrində, qəbul imtahanları isə 19 şəhər və rayonda mərkəzləşdirilmiş şəkildə keçirilmişdir. Qəbul kampaniyası kütləvi proses olduğuna, bu prosesdə yüz minlərlə gənc iştirak etdiyinə və bundan da çox valideyn onun gedişini bilavasitə izlədiyinə görə, ənənəvi olaraq, bu prosesin təşkili və idarə olunmasına DİM-in əməkdaşlarından əlavə, müxtəlif dövlət qurumlarının xeyli sayda nümayəndəsi də cəlb olunur.
Akademiyanın yüzlərlə təcrübəli müəllimi və elmi işçisi imtahan prosesinin idarəolunmasında, imtahanların məzmununa aid materialların hazırlanmasında və ekspertizasında yaxından iştirak edib. Bu işdə yaxından iştirak edən Milli Elmlər Akademiyasının əməkdaşları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Onların qəbul prosesinə həssas və peşəkar münasibəti imtahanları yüksək səviyyədə keçirməyə imkan vermişdir. Bununla əlaqədar olaraq Milli Elmlər Akademiyasının rəhbərliyi və əməkdaşlarına Dövlət İmtahan Mərkəzi adından minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə”