Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Evrika” liseyində türk bölməsinin açılışını edib.
Səfir şagirdlərin maraqlı layihələri ilə yaxından tanış olub və “Şiir Dinletisi” adlı Türkiyə-Azərbaycan qardaşlığı tədbirinin qonağı olub.
Tədbirdə liseyin təsisçisi Xudaqulu Rzayev, direktoru Ofeliya Muradova gələn qonaqları salamlayıblar.
Türk bölməsi şagirdlərinin bir-birindən gözəl çıxışları, Azərbaycan xanəndəsi, Əməkdar artist Fərqanə Qasımovanın ifasında “Çırpınırdı Qara dəniz” mahnısı qonaqlar arasında duyğu dolu anlar yaşadıb.
“Şiir Dinletisi” tədbirində Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağcı ilə yanaşı Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) direktoru Mürsəl Rüstəmov, Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Elçin İbrahimov, Bakı Avrasiya Universitetinin “Nəzəri dilçilik və Türk dilləri” kafedrasının müdiri Zəminə Rüstəmbəyli və “Ümumi filologiya” kafedrasının müdiri Elmira Məmmədova Kekeç iştirak ediblər.