Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Azərbaycanda Çin dilinin tədrisində praktiki yeniliklər” mövzusunda elmi-praktik seminar keçirilib.
Konfutsi İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, seminarın məqsədi azərbaycanlı tələbələrin Çin dilini öyrənməsinin effektivliyini təhlil etmək və qiymətləndirmək, ali məktəbdə Çin dilinin tədrisinin metodik sisteminin səciyyəvi cəhətləri ilə bağlı konseptual və praktiki məsələləri müzakirə etmək olub.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ADU nümayəndə heyətinin Pekində keçirilən ümumdünya Çin dili konfransında iştirakından danışıb. Bildirib ki, həmin konfransda “Çin dili + peşə təhsili” adlı xüsusi proqramın yaradılması, “ağıllı təhsil” şəbəkələrinin genişləndirilməsi, innovativ tədris modellərindən istifadə və Çin dilində təhsilin intellektual transformasiyası kimi məsələlər müzakirə edilib.
Konfutsi İnstitutunun əməkdaşı Firəngiz Mahmudzadə tələbələrin təhsil motivasiyasının inkişafında müasir tendensiyalardan danışıb. O, Çin dilinin tədrisində kommunikativ oyunlar və interaktiv texnologiyaların tətbiqini, tələbələrin nitq bacarıqlarının inkişaf etdirilməsində xüsusi tapşırıqlar sistemindən istifadə olunduğunu vurğulayıb.
ADU-nun Çin dili müəllimi Cavidə Əliyeva Çin dilinin müxtəlif səviyyəli qruplar üzrə tədrisində tətbiq olunan yeni tədris formalarından, tələbələrin Çin dilində dinləmə bacarıqlarının inkişafında həmin dilin daşıyıcısı olan müəllimlərin rolundan bəhs edib.
Seminarda çıxış edən ADU-nun Çin dili müəllimi Kamalə Məmmədova isə tələbələrdə Çin dilinin ilkin səviyyəsi üzrə kommunikativ səriştənin, o cümlədən şifahi və yazılı ünsiyyət bacarıqlarının formalaşmasının metodiki aspektləri və heroqlif yazının əsaslarının tədrisi metodikası haqqında danışıb.