Qazax Müəllimlər Seminariyası/ADA Universitetinin Qazax Mərkəzində görkəmli maarifçi Firudin bəy Köçərlinin 160 illik yubileyi münasibətilə “I Regional Pedaqoji İnnovasiyalar Forumu” keçirilib.
ADA Universitetindən bildirilib ki, təhsil fədaisi olan Firudin bəy Köçərlinin izi ilə gedən ADA Universiteti görkəmli maarifçinin yubileyi ərəfəsində bu forumu təşkil etməklə həm tarixi şəxsiyyətə minnətdarlığını bir daha ifadə edib, həm də onun tarixi missiyasına olan bağlılığını nümayiş etdirib.
Forum Qazax Müəllimlər Seminariyasında tarixi ənənəyə sadiq qalmaqla, maarifçilik hərəkatının varisliyini təmin edərək təhsil sisteminin modernləşdirilməsinə və keyfiyyətinin artırılmasına xidmət etməyi qarşısına məqsəd qoyub.
Tədbir ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Vəfa Kazdalın açılış nitqi ilə öz işinə başlayıb.
Vəfa Kazdal qeyd edib ki, forumda regionları təmsil edən müəllimlər ADA Universitetinin müəllimləri ilə birgə təhsildə tətbiqi mümkün olan innovativ yanaşmalardan bəhs edəcəklər. Forumun “seminarist”lərin fikir mübadiləsi məkanı olduğunu bildirən prorektor əlavə edib ki, bu tədbir regional müəllim və direktorlar icmasını qurmaq, əməkdaşlıq və təcrübə paylaşmaq mədəniyyətini gücləndirmək və beləliklə, təhsilin inkşafına töhfə vermək məqsədi daşıyır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov forum iştirakçılarını salamlayıb, öz peşələri vasitəsilə şəxsiyyət yetişdirən müəllimləri daim inkişaf etməyə, öz üzərlərində işləməyə səsləyib.
Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd müəllim peşəsinin atributlarından söhbət açıb. O, cəmiyyət tərəfindən müəllimə qoyulan hörmətin bu peşəyə olan dəyəri əks etdirməsindən və ADA Universitetinin yeni nəsil maarifpərvərlər yetişdirərək və yeni layihələr irəli sürərək “müəllim” adını daha da yüksəyə qaldırmasından bəhs edib. Qalib Məmməd bildirib ki, ADA Universiteti bu yolda tarixə nəzər salır, əməli ilə tarixə imzasını atan müəllimləri yad edir.