Azərbaycan Texnologiya Universitetində (ATU) “Açıq qapı” günü keçirilib. Qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər imtahan prosesini tələbələrin diqqətini yayındırmamaq üçün xüsusi otaqda monitor vasitəsilə izləyiblər.
Universitetdən verilən məlumata görə, tədris işləri üzrə prorektor Raqif Hüseynov valideynlərə imtahan prosesi barədə məlumat verib.
Bildirilib ki, imtahan zallarında və auditoriyalarda gün ərzində 900-ə yaxın tələbə iştirak edir. Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən İmtahan qərargahı və Apellyasiya komissiyası yaradılıb, bundan başqa, sessiyanın obyektiv və şəffaf keçirilməsi məqsədilə otaqlar müşahidə kameraları ilə təchiz edilib, imtahan korpusunda təklif və müraciətlər qutusu yerləşdirilib.
Valideynlər müşahidə zamanı Apellyasiya komissiyasının sədri Mehman Kərimov və İmtahan komissiyasının sədri Cəsarət Şabanovla həmsöhbət olub, prosesin gedişinə dair suallar verib, neqativ halların qarşısının alınması məqsədilə lazımi tədbirlərin görülməsini yüksək dəyərləndirib, övladlarının biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.