Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Malayziya Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.Bu barədə "
TehsilMedia.az"a institutdan məlumat verilib.
Memoranduma əsasən hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Xatırladaq ki, Azərbaycanın Malayziyadakı səfirliyinin və “İdrak” İctimai Birliyinin təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti mayın 22-dən 26-dək Malayziyada işgüzar səfərdə olublar. Nümayəndə heyəti səfər çərçivəsində Malayziya Milli Universitetində olub. Görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi qərara alınıb.