AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin məqalələrindən ibarət “Nizami Gəncəvini tanıyaq” adlı kitab işıq üzü görüb.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, kitaba müəllifin 2021-ci ildə (“Nizami Gəncəvi İli”ndə) dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə “Elm” qəzetində dərc olunan, elmi-kütləvi dildə qələmə aldığı məqalələri toplanıb. Topluda yer alan “Böyük humanist sənətkar”, “Nizami yaradıcılığında Vətən anlayışı və vətənpərvərlik”, “Nizami Gəncəvi və elm”, “Nizaminin hikmət boğçası” və digər məqalələrdə intibah dahisi Nizaminin insanpərvərlik, vətən, elm və hikmət, əxlaq və tərbiyə, tarix və müasirlik kimi mövzularda düşüncələri ətrafında fikirlər əksini tapıb.
Yeni nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçisi Əlyazmalar İnstitutunun Nizami əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevadır. Kitaba daxil olan məqalələri toplayıb nəşrə hazırlayan Əlyazmalar İnstitutunun mütəxəssisi Nərminə Salmanlı, cildin üzərindəki Nizami Gəncəvi portretinin müəllifi isə həmin institutun mərhum baş rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlidir.