Dekabrın 21-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Tariq Bakitin rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət Nazirliyində olub.
Nazirlikdən
"TehsilMedia.az" a bildirilib ki, qonaqları salamlayan mədəniyyət nazirinin müavini Fərid Cəfərov İƏT-lə ölkəmiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək mədəniyyət sahəsində əməkdaşlıq üçün imkanların daha da genişləndiyini bildirib.
Qəbula və xoş sözlərə görə təşəkkürünü bildirən T.Bakit öz növbəsində təşkilatın ölkəmizlə münasibətlərə böyük önəm verdiyini bildirərək Qarabağın işğalı dönəmində İƏT-in daim ədalətin yanında olduğunun və rəsmi sənədlərdə bu mövqeyin əks etdirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. Görüşdə Qarabağda dağıdılmış və məhv edilmiş mədəni irsin bərpa edilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən aparılan miqyaslı təmir-bərpa işləri haqqında təşkilata məlumat verilib. Öz növbəsində qonaqlar tezliklə Şuşada mədəniyyət sahəsində birgə beynəlxalq tədbirlərin təşkilini səbirsizliklə gözlədiklərini qeyd edərək, İƏT qətnamələrinin icra edildiyinə sevinclərini ifadə ediblər.
Görüş çərçivəsində həmçinin ikitərəfli gündəlikdə duran cari layihələr, o cümlədən, “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və Bakı Prosesi çərçivəsində ölkəmizdə keçiriləcək VI Ümumdünya Mədəniyyətlərası Dialoq Forumu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.