AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi – Türkiyə Cümhuriyyəti” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.
Bildirilib ki, nəşrdə Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus və Ukrayna alimlərinin konfransda səsləndirdikləri 65 məruzənin tezisi dərc olunub. Bunlardan “Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə Cümhuriyyəti – 100”, “Rza şah Pəhləvinin Türkiyə səfəri”, “Qafqaz İslam Ordusu və Ənvər Paşa”, “Türkiyədə Cümhuriyyət Bəyannaməsinin vizual görüntülər vasitəsilə oxunması”, “Kipr türklərinin Anadoludakı milli mücadiləyə dəstəyi” məruzələrinin tezislərini qeyd etmək olar. Bundan əlavə, nəşrə “Qeyri-maddi mədəni irsin türk mədəni yaddaşının qorunmasında rolu”, “Türkiyə universitetlərinin innovativlik potensialının dəyərləndirilməsi”, “1920-ci illərin əvvəllərində Sovet-Türkiyə maliyyə və hərbi-texniki əməkdaşlığı” mövzularında məruzələrin tezisləri daxil edilib.
Topluda, həmçinin Azərbaycan alimlərinin “Azərbaycan-Türkiyə əməkdaşlığında İlham Əliyev və R.T.Ərdoğan dostluğu beynəlxalq münasibətlərdə siyasi modeldir”, “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə iqtisadi əlaqələrinin milli köklər üzərində qurulmasında Heydər Əliyevin rolu”, “Türkiyə Cümhuriyyətinin quruluş və inkişaf fəlsəfəsi: tarix və çağdaşlıq”, “Cümhuriyyətin ilk illərində Türk-Azərbaycan ədəbi və elmi əlaqələri”, “Türkiyə ilə Azərbaycan arasında ilk diplomatik münasibətlərin yaradılmasında Mustafa Kamal Atatürkün rolu” və digər mövzularda məruzələrinin tezisləri yer alıb.