Oktyabrın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda elmi seminar keçirilib.
Bu barədə "
TehsilMedia.az"a institutdan məlumat verilib.
Bildirilib ki, seminarda Şərqşünaslıq İnstitutunun icraçı direktoru dosent Ruhəngiz Cümşüdlü bu il Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini və bununla əlaqədar Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib. Həmin tədbirlər barədə məlumat verən R.Cümşüdlü onların sırasında “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda elmi seminarın da xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Seminarda Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Tofiq Məlikli “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda məruzə edib. Məruzədə Osmanlıdan Cümhuriyyətə qədərki dövr tarixinin xronoloji təsviri verilib, ilk qərbyönümlü ədəbiyyatın formalaşmasından, Tənzimat dövrü ədəbiyyatından, Əbdülhəmid dövrünün avtoritar idarəçiliyinin şair və yazıçılara təsirindən bəhs edilib. Məruzəçi Milli qurtuluş dövrünü yaradan səbəblərdən, zəifləyən Osmanlıdan, eləcə də Türkçülük hərəkatından, Atatürkün öndərliyində qurulan Türk Cümhuriyyətinin əsaslarından danışıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.