Zaman-zaman azyaşlıların adı cinayət əməllərində hallanır. Təəssüf ki, cinayət törədənlər arasında 14-17 yaş aralığında yeniyetmələr də yer alır.
Dövlət Statisika Komitəsindən AzEdu.az-a verilən məlumata əsasən 2023-cü ildə 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə 364 cinayət törədilib.
Cinayətlərini saylarını ötən illərlə müqayisə etdikdə görürük ki, 2021-ci ildə 251, 2022-ci ildə isə 311 cinayət törədilib.
Bu il yeniyetmələr arasında ən çox cinayət statistikası oğurluq üzrə müəyyənləşib. Belə ki, 164 oğurluq edilib.
2023-cü ildə 14-17 yaşda 494 nəfər cinayət törədib. Onlardan 179 nəfəri oğurluq üzrə cinayət törədib.
Cinayət törədənlərdən 310 nəfər məhkum olunub.
Məhkum olunanların 306 nəfəri oğlan, 4 nəfəri isə qızdır. Onların 54 nəfəri isə şagird və tələbələrdir.
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı, Ceyhun Məmmədov bildirib ki, uşaqların cinayət törətməyində ailənin, məktəbin və televiziyaların düzgün tərbiyə verməməsinin rolu var:
“Azyaşlıların cinayət törətməsində bir çox amillər rol oynayır. Bu gün ölkəmizdə tərbiyə ilə bağlı bir sıra problemlər var. Ailələrdə tərbiyə işi bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Belə ki, onların bir çoxu övladlarına tərbiyə verə bilmirlər. Ailənin özünün tərbiyəsi yerində olmadığına görə, övladını da düzgün tərbiyələndirmirlər. Bu ciddi bir problemdir, çünki burada ya valideynin təhsili, ya dünyagörüşü normal olmur”.
Deputatın sözlərinə görə tərbiyə mövzusunda məktəblərində xüsusi rolu var:
“Problemin digər əsas səbəblərindən biri isə məktəblərdə tərbiyə işinin yüksək səviyyədə qurulmamasıdır. Bir sıra hallarda təhsilə üstünlük versək də, tərbiyəyə önəm vermirik. Biz bunu ailələrdə də görürük. Valideyn çalışır ki, övladı təhsilli olsun, amma tərbiyə məsələsi arxa planda qalır. Burada reallıq ondan ibarətdir ki, bizim cəmiyyətdə tərbiyə ilə bağlı çox böyük boşluqlar var. Əsas məsuliyyət isə dövlətin üzərinə düşür. Nəticə etibarı ilə sabah, birisigün bir şəxs cinayətkar kimi böyüyəndə bundan ən çox dövlət əziyyət çəkir. Bəzən bir sıra strukturlar bununla razılaşmır, amma dövlət ölkəni idarə etdiyinə görə, burada daha çox yük və məsuliyyət onun üzərinə düşür. Ona görə də məktəblərdə tərbiyə işi ən yüksək səviyyədə qurulmalıdır.
Həmsöhbətimiz yeniyetmələrin cinayət əməllərinə yönəlməsinin səbəblərinə diqqət çəkib:
“Azyaşlı və yeniyetmələrin cinayətə maraqlarının artmasında növbəti səbəb televiziyaların öz tərbiyəvi rolunu doğru-düzgün yerinə yetirməməsidir. Bu gün televiziyalar yalnız şou ilə, müğənnilərin təbliği ilə məşğuldurlar. Demək olar ki. Televiziyalarda tərbiyəvi verilişlər çox azdır, hətta yox səviyyəsindədir.Ya siyasi xəbərlər, ya da şou xəbərləri verilir. “Filankəs nə yedi?”, “Nə geyindi”, “Nə aldı?”.
Təəssüf ki, bizə nümunə kimi müğənnilər, şou-biznes adamları təqdim olunur. Bu verilişlərdə meyxanalar geniş formada təbliğ edilir. Küçədə yeriyəndə nə qədər insanın zövqlü musiqiyə qulaq asdığını görürük?!
Son musiqələrdə, kinolarda, hətta təəssüf ki, bəzi kanallarda yayımlanan seriallarda da kriminal aləm təbliğ edilir. Bu gün gənclərin cinayətkar kimi böyüməməsi üçün, biz hansı işləri görürük? Bu sualı təhlil etməliyik.
Hesab edirəm ki, gün keçdikcə biz bu statistikanın əziyyətini çəkəcəyik. Bu rəqəmin hər il artdığını görürük. Bu statistikaya əsasən, Azərbaycan gənci daha da kriminallaşacaq və təhsildən, məktəbdən uzaqlaşacaq.
Nə qədər ki ailə, məktəb və televiziya öz rolunu düzgün oynamayacaq, biz yüksək nəticələri görməyəcəyik. Bu proses dünyada da baş verir. Zaman-zaman bununla bağlı həyəcan təbili də çalıram, öz münasibətimi bildirirəm. Bu məsələlərin üstünə indidən düşməliyik. İllər öncə bunların qarşısını alsaydıq, indi bu rəqəmləri müzakirə etməzdikSağlam gəncliyin formalaşması üçün çox güclü çalışmalıyıq. Pul hər şey deyil, gənclərə yaxşı nümunələri təqdim etməliyik. Bu gün Azərbaycan gəncinin kumiri avtoritet şəxslərdir, müğənnilərdir. Gənclərin bir çoxu onların yolunu gedir. Bu yolda ziyalılarımızın üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan cəmiyyətində təhsillə, mənəviyyatla bağlı məsələlərin üzərində düşməliyik. Əgər tədbirlər görməsək, biz cəmiyyətimizi qoruya bilməyəcəyik. Bu təkcə kriminal aləmdə deyil, cəmiyyətdə çox ciddi şəkildə əxlaqsızlıq, zövqsüzlük, tərbiyəsizlik baş alıb gedir. Biz bunlarla indidən mübarizə aparmalıyıq və üzərində durmalıyıq. Hələ ki, bu istiqamətdə ciddi işlər getmədiyinə görə problərin ildən-ilə daha da artacağını görə bilirik. Burada təkcə dövlət yox, dövlətlə bərabər ictimai təşkilatlar, universitetlər, bu sahədə çalışan insanlar çalışmalıdırlar ki, problemin qarşısı alınsın”.