Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tövsiyəsi ilə beynəlmillələşmə istiqamətində dünyanın reytinq cədvəlinə düşən 11 Polşa universiteti ilə əməkdaşlıq və onların təcrübəsindən yararlanmaq məqsədilə 22-29 iyun tarixlərində Sumqayıt Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva Polşanın Lodz Texnologiya və Pavislanski Universitetinə ezam olunublar.
Xatırladaq ki, bu ali təhsil müəssisələri akademik nüfuz, məzun profili, tədqiqat potensialı, innovasiya, elmi səmərəlilik, tədris şəraiti və beynəlmiləlləşmə meyarları üzrə fərqləndirilən, dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olan 13 Polşa universitetləri sırasındadır.
Görüş zamanı dosent Qafar Atayev SDU-nun zəngin tədris imkanları, maddi-texniki baza və beynəlxalq əlaqələrini əks etdirən geniş təqdimatla çıxış etdi. Daha sonra universitetin tanıtım videoçarxı nümayiş olundu.
Əməkdaşlarımız səfər çərçivəsində Lodz Texnologiya Universitetində “Erasmus+K2 Capacity Building” (Təhsildə yeni bilik və bacarıqların gətirilməsi) layihələrinin yazılması istiqamətində təşkil olunan praktik seminarda da iştirak ediblər. Seminar zamanı Sədaqət Fətullayeva tərəfindən “SDU-nun Avropa Birliyi layihələrində təcrübəsi” adlı təqdimat da auditoriyanın diqqətinə çatdırılıb. Seminar daha sonra son illər Lodz Texnologiya Universitetinin koordinatorluğu ilə həyata keçirilən Erasmus+ layihələri barədə geniş müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
Bundan başqa, hər iki universitet ilə SDU arasında Avropa Birliyinin maliyyələşdirdiyi “Erasmus-K1-Beynəlxalq akademik mübadilə” istiqamətində tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilə əsasında 2023/2027-ci illər Erasmus+ çağırışlarında SDU tələbələrinin Polşa universitetlərinə mübadilə olunması nəzərdə tutulub.
Tərəflər qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsindən sonra universitetlərin brandbook və atributlarını, eyni zamanda, milli mədəniyyətimizi əks etdirən suvenirləri bir-birlərinə təqdim ediblər.