Bakı Dövlət Universiteti (BDU) və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir türk dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.
Bu barədə "
TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev 2023-cü ilin Azərbaycan və Türkiyə üçün əlamətdar olduğunu bildirib: “Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Bu ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu il qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü qeyd edilir. Ortaq tariximiz, maraqlarımız türkdilli dövlətlərin media sahəsində əməkdaşlığında da yeni çağırışlar ortaya qoyur. Beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulması artıq günün tələbinə çevrilib”.
Ə.Ağamirzəyev bildirib ki, artıq BDU-nun Jurnalistika fakültəsi və Üsküdar Universitetinin Kommunikasiya fakültəsi arasında ikili diplom məsələsi ilə bağlı danışıqlar son mərhələdədir.
Üsküdar Universitetinin Kommunikasiya fakültəsinin dekanı Süleyman İrvan, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında belə tədbirlərin önəmini vurğulayıb, qarşılıqlı əməkdaşlığın hər iki universitetə fayda verəcəyini bildiriblər.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Vətən müharibəsi zamanı Azərbaycan və Türkiyə mediasının erməni lobbi və diaspor təşkilatlarının, mediasının yalanlarına, dezinformasiyalarına qarşı müştərək fəaliyyətini müsbət qiymətləndirib. O qeyd edib ki, eləcə də digər türkdilli xalqların media orqanları və birlikləri Azərbaycanın haqq işinə dəstək göstəriblər. Zəfərin əldə edilməsində informasiya müharibəsindəki bu uğurun da öz payı var.
R.Məcid Türk dünyasının media orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.
Konfrans bölmə iclasları ilə davam edib.
Qeyd edək ki, çıxışçılar arasında BDU və Üsküdar Universitetinin professor və müəllim heyəti ilə yanaşı, Azərbaycan, Türkiyə və türkdilli ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri də var.