Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatları separatçıların darmadağın edilməsi və təslim olması ilə nəticələndi. Beləcə, onlar “ağ bayraq” qaldırmağa məcbur oldular və Azərbaycanın şərtlərini yerinə yetirmək barədə öhdəlik götürdülər. Bu, Azərbaycanın növbəti möhtəşəm qələbəsi deməkdir. Ancaq erməni xislətinin nə qədər mənfur olduğunu nəzərə alsaq, o zaman separatçıların bu danışıqlara vaxt qazanmaq üçün gedə biləcəklərini istisna etmək olmaz.
Mövzunu "
TehsilMedia.az"a şərh edən politoloq Şahin Cəfərli bildirib ki, Qarabağ erməniləri Bakının şərtlərini qəbul edib: "Ermənistan ordusunun bölmələri çıxarılacaq, yerli erməni qüvvələri tərksilah olunacaq. Sabah Yevlaxda Bakı və Qarabağ ermənilərinin təmsilçiləri arasında görüş keçiriləcək. Qarabağ ermənilərinin reinteqrasiyası və Azərbaycan Konstitusiyası çərçivəsində hüquq və təhlükəsizliklərinin təmin olunması məsələləri müzakirə ediləcək. Bu, şübhəsiz ki, ciddi, hətta tarixi əhəmiyyətli uğurdur. "DQR hekayəsi" bitdi. Yeganə qeyri-müəyyən məsələ Rusiya hərbi kontingentinin 2025-ci ildən sonra da burada qalıb-qalmayacağıdır. Bu barədə böyük ehtimalla Bakı ilə Moskva arasında müzakirə aparılıb və ya aparılacaq", - deyə politoloq fikirlərini tamamlayıb.