Mingəçevir Dövlət Universitetinin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyini gücləndirmək fəaliyyətimizin prioritet istiqamətidir.
Az müddət əvvəl Mingəçevir Dövlət Universitetinin rektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Bayramovun “Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda” kitabı işıq üzü gördü. Kitab “Azərbaycan müəllimi” qəzeti və Mingəçevir Dövlət Universitetinin birgə layihəsi olaraq ərsəyə gəlmişdir. Kitabın redaktoru “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, rəyçiləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikasının Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin şöbə müdiri, Əməkdar müəllim filologiya üzrə fəlsəfə doktoru, dosent Əsgər Quliyevdir. “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə nəşr olunmuş kitab yeni dövrün universitetinə çevrilməyə hesablanan hədəfləri özündə ehtiva edir. Kitabda toplanan materiallar 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə edir.
Müəllif ilk məqalədən başlayaraq müasir ali məktəb idarəçiliyinin proqram və fəaliyyət prinsiplərindən bəhs edir, təhsil, tədqiqat və innovasiya sahəsində mövcud qabaqcıl təcrübəyə əsaslanır, oxucuda gələcəyə baxış formalaşdırır.
Kitabda müasir dünya təhsil sistemində müşahidə olunan inkişaf trendləri, başqa sözlə, dayanıqlı inkişaf məqsədləri və yeni çağırışlar yer almışdır.