Fevralın 16-da mədəniyyət nazirinin müavini Səadət Yusifovanın iştirakı ilə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsi üzrə mütəxəssislərlə hesabat və planlaşdırma görüşü keçirilib.
Görüşün məqsədi 2023-cü ildə mədəniyyət və yaradıcı sənayelərin inkişafı istiqamətində görülmüş işlər üzrə yekun nəticələrin təqdim edilməsi, mövcud çətinliklər barədə fikir mübadiləsinin aparılması olub. Tədbirdə, həmçinin 2024-cü il üçün planlaşdırılan layihə və tədbirlərə dair məlumatların, müvafiq tövsiyə və tapşırıqların verilməsi məsələləri müzakirə edilib.
Əvvəlcə Mədəniyyət Nazirliyi tərəfindən MYS sahəsi üzrə 2023-cü ildə görülən işlərə dair hesabat təqdim olunub. Hesabata əsasən bildirilib ki, ötən il 15 min iştirakçının qatıldığı 30 layihə həyata keçirilib, 8 yerli təhsil proqramına start verilib, 20-dək yeni biznes subyektinin formalaşdırılmasına dəstək göstərilib.
Daha sonra “CulTech” (mədəniyyət sahəsində startaplar), “GameTech” (oyun texnologiyaları), reklam, dizayn, film, animasiya, yumor, musiqi və media sahələrində fəaliyyət göstərən mütəxəssislər görüş iştirakçılarına təqdimatlar edib, 2024-cü il üçün tədbirlər planına dair təkliflərini səsləndiriblər.
Görüş zamanı cari il üçün əsas hədəflər sırasında layihələrə daha çox iştirakçı və tərəfdaşların cəlb olunmasının vacibliyi qeyd edilib. Eyni zamanda, dövlət və özəl tərəfdaşlığın genişləndirilməsi, ekosistem oyunçuları arasında şəbəkələşmə prosesinin davam etdirilməsi də vurğulanıb.
Görüş MYS sahəsinin iştirakçılarını maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.