Hazırda Azərbaycanın ali təhsil müəsisələrinin əksəriyyətində yaz semestri başa çatır.
TehsilMedia.az xəbər verir ki, Tehsil.biz bununla əlaqədar olaraq bir neçə ali məktəblər arasında yay məktəblərinin təşkili ilə bağlı sorğu keçirib.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva saytımıza açıqlamasında bildirib ki, hər il olduğu kimi, bu il də BDU-da yay məktəbi kəsiri olan və bu kəsiri növbəti semestrə saxlamaq istəməyən tələbələr üçün təşkil olunacaq: "Tələbələrin fərdi və sosial inkişafı ilə bağlı isə il ərzində universitetin gənclər təşkilatlarının xətti ilə müxtəlif səpkili layihələr həyata keçrilir".
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovanın sözlərinə görə, ATU-da yay məktəbi iyul ayının 15-dən başlayacaq və altı həftə davam edəcək: "Yay məktəbi yalnız kəsiri olan tələbələr üçün nəzərdə tutulub".
Odlar Yurdu Universitetindən "Tehsil.biz"ə verilən məlumata görə, kəsiri olan tələbələr üçün yay məktəbi təşkil olunacaq: "Başqa universitetlərin yay məktəbi üçün qeydiyyatdan keçmək istəyən tələbələr universitetin tədris şöbəsinə müraciət edə bilərlər".
Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, yay məktəbi bu il akademik borcu olan və ya hər hansı fənn üzrə qiymətini yüksəltmək istəyən tələbələr üçün təşkil olunacaq: "Yay məktəbi üçün sənəd qəbulu iyun ayının ortalarından başlayacaq".
Mingəçevir Dövlət Universitetindən saytımıza bildirilib ki, semestr bitdikdən sonra həm Tələbə Həmkarlar İttifaqı, həm də Tələbə Gənclər Təşkilatı xətti ilə tələbələr üçün turlar təşkil olunur: "Əsasən bunlar ölkədaxili səyahətlər olur. Burada onlar həm də təlimlərə cəlb olunurlar. Həmçinin yay məktəbi akademik borcu olan tələbələr üçün təşkil olunur və müddəti bir aydır".
Azərbaycan Dövlət Aqrar Universitindən isə bildirilib ki, ADAU-da bu il üçün yay məktəbi nəzərdə tutulmayıb.