Azərbaycan Texniki Universitetində (AzTU) “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” II beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.
TehsilMedia.az xəbər verir ki, Universitetdən AzEdu.az-a bildirilib ki,konfrans iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb.
Daha sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev beynəlxalq konfransın plenar iclasında bildirib ki, tədbir Almaniyanın Brandenburq Texniki Universiteti və Türkiyənin Qazi Universiteti ilə birgə təşkil olunub. Qeyd edib ki, konfransın fəaliyyəti maşınqayırma və energetika sahələrinin müəssisələrinin inkişaf perspektivlərinin, yeni elmi və istehsal həll yollarının, texnologiyaların, mövcud vəziyyətdə iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin axtarışına, istehsal sektorunda kiçik və orta biznesin formalaşması və inkişafı ilə bağlı geniş müzakirələrin, eləcə də universitet-sənaye iş birliyi, nüfuzlu elm məktəbləri və müəssisə rəhbərləri ilə qarşılıqlı əlaqələrin yaradılmasına yönəlib.
Məqsəd maşınqayırma və enerji sahələrinin inkişafının təmini ilə əlaqədar elm, təhsil və tədqiqat sahələrinə ekoloji təhlükəsizlik və bu sahələrin infrastrukturunun iqtisadi səmərəliliyinin artmasını müəyyənləşdirən yeni çağırışların formalaşdırılmasıdır.
Daha sonra Brandenburq Texniki Universiteti Cottbus-Senftenbergin (BTU Cottbus-Senftenberg) rektoru Gesine Grande və Qazi Universitenin rektoru Musa Yıldız konfransa onlayn qoşularaq iştirakçılara uğurlar arzulayıblar.
Konfransda ümumilikdə 7 ölkənin 37 müəssisəsinin əməkdaşları (Azərbaycan 18, Türkiyə -5, Russiya 7, Almaniya 4, Belarus 1, Qazaxıstan 1, İsveç 1) çıxış edəcək. Konfransın nəticələrinə əsəsan, konfrans materialları İsveçrənin “Trans Tech Publication” nəşriyyatı tərəfindən nüfuzlu xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan 6 jurnalda çap olunmaq üçün tövsiyə ediləcək.
6 bölmədə işini davam etdirən konfrans dekabrın 5-də yekunlaşacaq.