Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının Anhui Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi ilə tanış olub.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Bildirilib ki, E.Babayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi və “Heydər Əliyev İli”nin elan olunduğu ildə BDU-dan olan nümayəndə heyətinin Çinə səfərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Dekabrın 12-nin Ümummilli Lider Heydər Əliyevin anım günü olduğunu qeyd edən rektor bildirib ki, Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi Azərbaycan dövlətçiliyinin müasir tarixinə əbədi həkk olunub. Azərbaycan-Çin dostluğunun təməli də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Rektor Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyib, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
Sonra Elçin Babayev Anhui Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzində yaradılan şəraitə görə prezident Kuang Guangliyə minnətdarlığını bildirib.