Dekabrın 20-də Bakı Slavyan Universitetinin rektoru (BSU) Anar Nağıyev və universitetin bir qrup əməkdaşı Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operatov Sosial Təminat Agentliyinin (DOST) 5 illiyinə həsr olunmuş "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktik konfransda iştirak ediblər.
Bu barədə "
TehsilMedia.az"a BSU-dan bildirilib.
Konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev Ulu Öndərin həyata keçirdiyi sosial siyasətin dayanıqlı və mükəmməl elmi-nəzəri əsaslara söykənən sosial siyasət olduğunu vurğulayıb. Anar Nağıyev Ümummili lider Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə ekskurs edərək bildirib ki, Ulu Öndər tərəfindən ölkə iqtisadiyyatının tənəzzüldən çıxması, daxili sabitliyin təmin edilməsi nəticəsində ölkəmizdə sosial sahədə əhəmiyyətli dəyişikliklər baş verib.
O, müasir dövrdə universitetlərin sosial siyasətin nəzəri strukturunun yarada bilən mərkəz kimi çıxış etdiyini bildirib. Rektor ali təhsil il müəssisələrinin tətbiqi tədqiqat mərkəzləri kimi müxtəlif sosial alətlərin inkişafı_üzrə tədqiqatlar aparılmasında və təkliflərin irəli sürülməsində iştirakının vacibliyini vurğulayıb.Anar Nağıyev universitetlərin səriştə əsaslı kadr hazırlığı ilə məşğul olan struktur kimi cəmiyyətin inkişafı və qorunmasında mühüm rolu olduğunu qeyd edib.
“Ali təhsil müəssisələri dövlətin sosial siyasətinin bu günü və gələcəyi ilə bağlı daha empirik müzakirələrin aparıldığı məkandır”- deyə bildirən rektor BSU-da bu istiqamətdə görülən işlərdən söz açaraq, BSU-nun "İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)" layihəsi barəsində məlumat verib. Anar Nağıyev layihənin əsas məqsədinin pedaqoji profilli ali təhsil müəssisələrində inklüziv təhsil üzrə müəllim hazırlığı və ixtisasartırmaya dəstək olmaq, şəbəkələşməni gücləndirmək vasitəsilə cəmiyyətin inkişafında inklüziyaya dəstək verməkdən ibarət olduğunu diqqətə çatdırıb.
Rektor çıxışının sonunda belə əhəmiyyətli elmi-praktik konfrasın keçirilməsi və dəvətə görə BDU rəhbərliyinə təşəkkür edərək, elmi-praktik konfransın işinə uğurlar arzulayıb.
Konfransda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və DOST Agentliyinin 5 illiyinə dair videoçarx nümayiş olunub. Elmi-praktik konfransda iştirak edən spikerlərin çıxışları dinlənilib.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.