SOCAR-ın Bakı Ali Neft Məktəbi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu: Yaz, 2023” layihəsinin final oyunu və mükafatlandırma mərasiminə ev sahibliyi edib.
TehsilMedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, DVC-nin sədr müşaviri İlkin Hüseynov çıxış ediblər.
“Bilik iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətədavamlı bazarın formalaşması üçün süni intellektin tətbiqi şərtdir” mövzusunda keçirilən Forumda 25 ali təhsil müəssisəsin tələbələrindən ibarət 50 komanda iştirak edib, 187 saatdan çox debat oyunu keçirilib, 1000-dən artıq gənc maariflənib və debat, natiqlik sahəsindəki bilik, bacarıqlarını artırıb.
Debat hakimlərinin nəticələrinə əsasən Azərbaycan bölməsi üzrə Bakı Dövlət Universitetinin “Qeyd-Şərtsiz”, rus bölməsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin “TTM” komandaları qalib olublar.
Azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Elnur Nuruzadə (61.57 bal), rus bölməsi üzrə isə Bakı Dövlət Universitetinin tələbəsi Həsən Paşayev (62 bal) seçilib.