Bakıdakı 193 nömrəli tam orta məktəbdə əcnəbi şagirdlərin təqdimatında “Azərbaycan dilinə olan sevgim” adlı tədbir keçirilib.Bu barədə "
TehsilMedia.az"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Tədbir əcnəbi şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Nihal Hacıyeva əsas məqsədin ölkəmizdə təhsil alan əcnəbilərin Azərbaycan dilində sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini, ahəngdarlığını onlarla bölüşmək və Azərbaycanın milli dəyərlərini təbliğ etməkdən ibarət olduğunu bildirib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yen il münasibətilə əcnəbi şagirdləri və tədbir iştirakçılarını təbrik edərək onlara uğurlar arzulayıb.
M.Vəliyeva əcnəbi uşaqların intellektual inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması məqsədilə həyata keçirilən təşəbbüslərin önəmini vurğulayıb. Qeyd edib ki, əcnəbi şagirdlərin təqdimatında Azərbaycan dilində nümayiş olunan tamaşa onların ölkəmizlə həmrəy olduqlarını göstərməklə bərabər, həm də dostluq, sülhə çağırış ənənəsinin təlqin edilməsi baxımından əhəmiyyətlidir. O bildirib ki, müxtəlif ölkələrdən olan uşaqların Azərbaycan dilini öyrənməsi, ölkəmizin mədəniyyəti ilə yaxından tanış olması qloballaşan dünyada Azərbaycanın möhkəmlənən mövqeyinin təzahürüdür.
Tədbirdə çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və əcnəbi valideynlər şagirdlər üçün faydalı olan bu cür təşəbbüsün reallaşdırılmasında əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Məktəbdə təhsil alan əcnəbi şagirdlər tərəfindən səhnələşdirilən “Arşın mal alan” filmindən bir parça nümayiş olunub. Həmçinin əcnəbi şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış edib, Azərbaycan dilində mahnılar səsləndiriblər. Əcnəbi şagirdlərin rəqs nümunələri də maraqla qarşılanıb.