Tarix Əliyevin təqdimatında “Ümid ilə gəl” verilişində Xırdalan şəhər 3 saylı məktəb liseyinin direktoru tənqid atəşinə tutulub. İllərdir teleməkanda olan Tolik ədəbsizliyi və nitqində nalayiq ifadələri ilə seçilib. Teleməkanda belə birinin təhsil sahəsində çalışan, bu sahəyə can qoyan insanları tənqid etməsi və yaxud şərh etməsi biabırçılıqdır.
TehsilMedia.az xəbər verir ki, “Tolik” kimi tanınan və Azərbaycan teleməkanında hələ də ekranlardan boylanan Tarix Əliyev videodan göründüyü kimi azyaşlıların yanında qeyri-etik davranışlar və sözlər nümayiş etdirib. Danışığını bilməyən aparıcı başqasının davranışlarına irad tutur. Öz qeyri-etik və nalayiq sözləri ilə uşaqların tərbiyəsinə mənfi təsir göstərən Tolik, Xırdalan şəhər 3 nömrəli məktəbin direktorunun məktəbi idarəetməsini və uşaqların təlim-tərbiyəsindəki rolunu tənqid edir.
Bu onun səviyyəsini, mahiyyətini və nə olduğunu göstərir. Burada məsələ belələrinin hələ də teleməkanda olması, ekranlardan boylanaraq, cəmiyyətə “əxlaq dərsi” keçməsidir.
Tolikin teleməkana ayaq açması və sözün gerçək mənasında at oynatması Azərbaycan teleməkanı üçün acı mirasdır.
Təlim və tərbiyə ocaqlarının rəhbərləri Tolik kimilərin təhqirlərinə məruz qalır.
Pasportunda Tarix Əliyev yazılan Tolikin nə olduğunu hər kəs yaxşı bilir, amma çoxumuz onun niyə Azərbaycan teleməkanında əxlaq dərsi keçdiyini anlaya bilmirik.
Bundan əlavə, Tolikin verilişində çıxış edən ekspertlər nə Toliki, nə də bir-birlərini dinləyir.
Bir-birini dinləməyən aparıcı və ekspertlər, sanki, cənnətdə qaval çalırlar.
Tolik öz gözündəki tiri görmür, başqasının gözündə tük axtarır. Təhsildən uzaq və danışığını bilməyən, dili vulqar sözlər ilə dolu olan birinin başqasını tənqid etməyə ixtiyarı yoxdur. Bir məsəl var: Qarğa özünü quş bilir, xaşıl özünü aş.
Tolik elə bu məsələ uyğun hərəkət edir. Aparıcı məhz Xırdalan şəhər 3 nömrəli liseydǝn direktorun lehine danışanların telefon bağlantısı ilə efirə qoşulmasına imkan vermeyib. Lakin direktorun əleyhinə danışanların efirə qoşulmasına şərait yaradıb. Elə burdan da anlaşılır ki, Tolik qərəzli mövqe göstərib. Hətta ekspertlərden kim Xırdalan şəhər 3 nömrəli liseyin xeyrinə danışsa, onu susdurub. Danışmağa imkan verməyib. Məhz buna görə, təhsilin t-sini bilməyən aparıcının tezliklə teleməkandan uzaqlaşması Azərbaycan teleməkanın gələcəyi üçün atılacaq vacib addımlardan biridir.
Əks təqdirdə, Tolik kimilər hələ çox dəyərləri aşağılamağa davam edəcəklər…