Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov IV və VI sinif şagirdləri üçün həyata keçiriləcək monitorinqlərdə imtahan rəhbəri kimi iştirak edəcək əməkdaşlarla onlayn görüş keçirdib.
Görüş zamanı idarə müdiri monitorinqlərin təşkili ilə bağlı ümumi vəziyyət, hazırlıq mərhələləri və məktəblərin hazırlıq vəziyyəti ilə maraqlanıb. O, monitorinqlərin düzgün və şəffaf şəkildə keçirilməsinin vacibliyini vurğulayaraq bu prosesin şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından önəmini qeyd edib.
Qeyd edək ki, 17 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV, 18 may tarixində isə VI siniflərində monitorinq təşkil olunacaq. Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.
Monitorinqdə ümumilikdə proses IV siniflərdə 150 dəqiqə, VI siniflər də isə 180 dəqiqə ərzində təşkil olunacaq.
Qeyd edək ki, monitorinqin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təşkil edilən 40 mərkəzdə IV siniflər üzrə 3661 nəfər, VI siniflər üzrə isə 3721 nəfər şagirdin iştirak etməsi nəzərdə tutulub.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #Şagird #Monitorinq