
Məlum olduğu kimi, bir müddət əvvəl magistraturanın boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb. 2025-ci il magistraturaya qəbul imtahanlarında hər iki yerləşdirmənin nəticəsində yekun olaraq 3700-dən bir qədər çox boş yer qalıb. Onlardan 1100-ə yaxını Dövlət sifarişlidir. Boş qalan 4300 yer (1200 yer Dövlət sifarişi) üçün 1408 nəfər seçim edib. Onlardan 617 nəfər (96 nəfər Dövlət sifarişinə) qəbul olunub.Mütəxəssilərin fikrincə, magistratura pilləsində boş qalan yerlərin əsas səbəbi düzgün aparılmayan və statistik reallıqlardan uzaq təhsil planlamasıdır. Təhsil sahəsində planlaşdırma sadəcə rəqəmlərlə deyil, analitik təhlillərlə, iş bazarı ehtiyacları və tələbə davranışları ilə sinxronlaşdırılmalıdır. Əks halda, boş yerlərin artması, resursların israfı və təhsilin effektivliyinin azalması davam edəcək. Bu boşluqlar bəzən tələbə marağının az olması ilə də izah edilir. Ancaq problemin dərinliyinə baxdıqda, əsas səbəbin düzgün aparılmayan təhsil planlaması və real statistikalara əsaslanmayan yer bölgüsü olduğu ortaya çıxır. Burada diqqət çəkən məqam bakalavriat pilləsində məzun olanların sayı ilə magistraturada açılan plan yerlərinin sayının uyğunluq təşkil etməməsidir. Magistratura üçün plan yerinin müəyyən olunması zamanı bir neçə vacib faktor nəzərə alınmalıdır. Hər il bakalavriatı bitirən tələbələrin sayı, onlardan magistraturaya hazırlaşanların faizi, xaricdə təhsil almağa gedən tələbələr, magistr diplomuna real tələbat olan ixtisaslar, iş bazarının magistr təhsilli kadrlara olan ehtiyacı. Lakin bu amillərin çoxu planlama prosesində ya nəzərə alınmır, ya da qeyri-dəqiq hesablamalarla əvəz olunur. Nəticədə isə real tələbatdan artıq plan yerləri təklif olunur və onların yüzlərlə, hətta minlərlə boş qalması qaçılmaz olur.
Populyar olmayan ixtisaslara həddindən artıq yer ayrılması, bəzi ixtisaslarda tələbə marağı çox aşağı olmasına baxmayaraq onlara kifayət qədər yer ayrılması da boşluğun artmasına səbəb olur. Eyni zamanda regional təhsil müəssisələrinə süni plan yeri yüklənməsi, bəzi bölgələrdə real tələbə potensialı olmadığı halda, magistr proqramlarına süni plan yeri verilir. Plan yeri sayını artırmaqla, iş tapma imkanı olmayan sahələrdə kadr bolluğu yaranır.