Sovet dövründə Azərbaycan öz sanatoriya sistemi ilə bütün İttifaqda məşhur idi. İnsanlar dənizkənarı və dağlıq bölgələrdəki sanatoriyalara həm istirahət, həm də müalicə üçün üz tuturdular. Dövlət tərəfindən təşkil olunan bu sistemdə bərpa müalicəsi, fizioterapiya, bəlneoloji prosedurlar yüksək səviyyədə idi. Putyovkalara tələbat böyük olsa da, imkanlı və imkansız insanlar bu xidmətlərdən yararlana bilirdilər. Bu gün isə “sanatoriya” sözü arxaik və mənasını itirmiş anlayışa çevrilib. Sanatoriyalar sağlamlıq mərkəzindən şəxsi maraqların bazarına çevrilib. AHİK sədri Sahib Məmmədovun vəzifəyə təyin etdiyi “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev kimi idarəçilik təcrübəsi olmayan şəxslərin əlində bu sistem sürətlə çökür. İndiki sanatoriyalar nə müalicəvi xidmət, nə də sağlamlıq turizmi baxımından heç bir ciddi standartı ödəmir.
Sahib Məmmədov bir ilə yaxındır AHİK-in sədri olsa da, gözlənilən islahatlar baş verməyib. Əksinə, rəhbər vəzifələrə yaxın qohumlar, tanışlar və eyni mühitdən olan adamlar gətirilir. Əvvəllər qonaqpərvərlik sektorunda işləyib, amma sanatoriya və kurort sahəsində nə tibbi, nə də idarəetmə üzrə dərin təcrübəsi olmayan, lakin hazırda ölkənin demək olar ki, bütün sanatoriyalarının taleyini müəyyənləşdirən “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev də heç vaxt real idarəçilikdə birinci şəxs olmayıb. Təcrübəsizlik, yarıtmaz kadr siyasəti və yol verilmiş digər neqativ hallar nəticəsində sanatoriyalar tənəzzülə uğrayıb.
Əvvəllər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən «Kurort» QSC-nin sanatoriyaları müstəqil MMC-lər kimi fəaliyyət göstərirdi. Hər sanatoriyanın öz idarəetmə strukturu, ştatı və maliyyə müstəqilliyi vardı. Bu sistem sanatoriyalar arasında şəffaflıq, balanslı gəlir paylaşımı və müstəqil fəaliyyətə imkan verirdi. Lakin yeni təyin olunan AHİK rəhbərliyi və “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyevin rəhbərliyi ilə bu strukturlar köklü şəkildə dəyişdirildi. MMC-lər ləğv olundu və sanatoriyalar “Kurort” QSC-nin filiallarına çevrildi. Bu addım, əslində, sanatoriya rəhbərliyini tamamilə səlahiyyətsizləşdirdi, çünki maliyyə və idarəetmə məsələləri artıq mərkəzləşdirildi və bütün qərarlar bir yerdən verilməyə başlandı. Bununla yanaşı, sanatoriyaların fəaliyyətindən əldə olunan gəlir, pul və digər maliyyə resursları tək bir əldən idarə olunmağa başladı. Ən ciddi dəyişikliklərdən biri isə, “Kurort” QSC-nin ştatının 6 dəfədən çox artırılmasıdır. Sanatoriyaların əvvəlki ştat strukturları ləğv edildikdən sonra, rəhbərliyin işə götürdüyü yeni əməkdaşlar, əksəriyyəti, təcrübəsiz və bu sahə üzrə ixtisaslaşmamış şəxslər oldu. Bu, həm sanatoriyaların idarəetməsində, həm də xidmətlərin keyfiyyətində ciddi geriləmələrə səbəb oldu. Sanatoriyaların MMC kimi fəaliyyəti onların maliyyə müstəqilliyini, idarəetmə çevikliyini və şəffaflığını təmin edirdi. Filiala çevrilməsi isə bütün gəlirlərin mərkəzə toplanmasına, yerli rəhbərliyin səlahiyyətsiz qalmasına, motivasiyanın azalmasına və xidmət keyfiyyətinin enməsinə səbəb oldu. Bu addım sanatoriya sisteminin tənəzzülünü sürətləndirdi.
Çingiz Hacıyev “Kurort” QSC-nin baş direktoru kürsüsünə əyləşəndən sonra sistemdə təcrübəli, illərlə işləyən kadrlar kütləvi şəkildə kənarlaşdırılıb. Onların yerini isə bu sahəyə aidiyyəti olmayan, amma əksər hallarda rəhbərliklə eyni dairədən olan şəxslər tutub. “Kurort” QSC-nin rəhbərliyinə əsasən baş direktor Çingiz Hacıyevin məhəllə və ya keçmiş iş yoldaşları gətirilibdir. Misal üçün QSC-nin İnsan resursları şöbəsinin müdiri baş direktorun həm məhəllə yoldaşı, həm də keçmiş iş yoldaşıdır. QSC-nin yeni baş direktor müavini və müalicə şöbəsinin müdiri baş direktorla əvvəllər bir yerdə özəl otel sistemində işləyiblər. Hamısı otel biznesindən gəliblər və sanatoriya işindən heç birinin başı çıxmır, anlayışı və təcrübələri yoxdur. Müalicə şöbəsinə rəhbərlik edən xanımın isə ümumiyyətlə heç tibbi təhsili belə yoxdur. Lakin QSC-də bu önəmli deyil. Əsas odur ki, baş direktora yaxın olmalısan. Otelçilər rəhbərlikdə olduğuna görə sanatoriya işi bu gün məhv olur. Əvvəllər 19 nəfərlə yüksək səviyyədə işləyən «Kurort QSC bu gün 110 nəfər ştatla (əksəriyyəti Sahib Məmmədova və Çingiz Hacıyevə yaxın və peşəkar səviyyə ilə seçilməyən adamlardı) sistemi bərbad hala salıbdır. Sanatoriya sistemi çökür. Hər yerdə istehlakçıların aldadılması və fırıldaqlar baş verir.
Bəzi sanatoriyalarda təmir adı ilə külli miqdarda pullar silinib, əl-çatan nömrələr sökülmüş, onların yerlərinə lyüks nömrələr quraşdırılmışdır. Həmin nömrələrin bir gecəsini 400-500 manata təklif edirlər. Azərbaycanda çalışan hansı zəhmətkeşin buna imkanı çatar? Özü də gülməli odur ki, lyüks nömrə ilə adi nömrənin qidası eynidir, yəni keyfiyyətsiz. Qeyd olunan məsələ həm «Bilgəh» Kardioloji sanatoriyasında, həmçinin yeni təmirdən çıxmış «Abşeron» sanatoriyasında müşahidə olunur. Ötən həftə «Abşeron» sanatoriyasının açılışında iştrak edən qonaqlar aparılan təmirin keyfiyyətsiz olmasını öz gözləri ilə müşahidə etdilər. Təmir keyfiyyətsiz aparılmış və yekünlaşmamışdır, lakin «Kurort» QSC-nin vəzifəliləri pərdə və digər əşyalarla bütün çatışmamazlıqları gizlətməyə çalışmışdılar. Bütün bu çatışmamazlıqlar gözə çarpdığına görə AHİK sədri də əsəbləşmiş və o, «Kurort» QSC-nin rəhbərliyinə narazılığını bildirmişdir. «Abşeron» Sanatoriyasında direktor müavini vəzifəsində işləyən öz qohumunu da hamının gözü önündə danlamış və ona ayırdığı xidməti avtomaşını geri almışdır. Baxmayaraq ki, «Abşeron» Sanatoriyası ilə «Kurort» QSC eyni ərazidə yerləşir orada bir çox qanunsuzluqlar baş verir. Köhnə işçilər sıxışdırılır, onların hüquqları pozulur. Bir ilə yaxındır həmin sanatoriyada baş tibb baçısı vəzifəsində işlədilən uzun illərin təcrübəli tibb baçısına əmək haqqı düzgün hesablanmır, vəzifəsinə təsdiq olunmur, bununla da əmək qanunvericiliyi kobud pozulur. Hazırda isə onun yerinə «Buzovna» Sanatoriyasında baş tibb bacısı vəzifəsində işləyən şəxsin həyat yoldaşı təyin olunub. «Kurort» QSC rəhbərliyi təcrübəli köhnə işçilərdən vəzifədə heç kimi saxlamaq istəmir.
QSC rəhbərliyində yer alan keçmiş otelçilər sanatoriyalarda laboratoriyaları da ləğv edib, laboratoriya işçilərini işsiz qoyaraq, işdən çıxarıblar. Çingiz Hacıyev QSC-yə baş direktor vəzifəsinə təyin olunandan əvvəl sanatoriyalarda müalicə olunan pasiyentlər sanatoriyaya yerləşdirilən kimi pulsuz laborator müayinədən keçirdilər. İndi isə rəhbərlikdəki otelçilər laboratoriyaları ləğv edib, otaqları veriblər «Referans» klinikasına. Referansın işçiləri isə sanatoriyalarda oturaraq analizlər qəbul edir, bunun müqabilində isə pasiyentlərdən 50 manat pul alırlar. Demək ucqar bir kənddən sanatoriyaya gələn zəhmətkeş dərhal 50 manat ödəməlidir analizlərə görə. Sonra isə ona pulsuz olaraq bir neçə mənşəyi bilinməyən su ilə vanna proseduru təyin olunur. Əsas fizioterapiya xidmətlərinə görə isə yenə də pul tələb edirlər. Bunun nəyi sanator müalicə oldu?
«Bilgəh» Kardioloji sanatoriyasının yeni təmirdən çıxmış yeməkxanasına külli miqdarda vəsait xərclənib havalandırma sistemi quraşdırılıbdır. Lakin iydən və qoxudan, eyni zamanda istidən yeməkxanaya daxil olmaq mümkün deyildir. Belə ki, hesabatlar düzgün aparılmayıb və sistem düzgün quraşdırılmayıbdır. Mətbəxdə isə havalandırma sistemi ümumiyyətlə quraşdırılmayıbdır. Pasiyentlər şikayət etdilər. Nəticədə yenidən külli miqdarda vəsait ayırıb döşəməüstü kondisionerlər alınıb quraşdırılıbdır.
Bütün sanatoriyalarda istifadə olunan fizioterapevtik avadanlıq keçmiş SSRİ dövründən qalmış köhnə avadanlıqlardır. Onların bir qismi çoxdan sıradan çıxmışdır.
Sanatoriyalarda gündəlik qida rasionunun dəyəri 10 manatdan da azdır. Pasiyentlərə Braziliyadan gətirilmiş mənşəyi bilinməyən dondurulmuş ət, plastik qablarda ucuz bitki yağları, vedrələrlə «Knorr» və «Qalina Blanka» kimi kimyəvi dadvericilər verilir. Sanatoriyaların profillərinin fərqli olmasına baxmayaraq hamısında eyni menyu və ərzaq məhsullarıdır. Ərzağın keyfiyyətindən heç danışmağa dəyməz. Hansı ki, sanitar qaydalar və normalar açıq şəkildə bildirir ki, müalicə-profilaktika müəssisələrində menyu diyetoloq tərəfindən tərtib olunmalı, məhsulların mənşəyi və keyfiyyəti təsdiqlənməlidir. Amma "Kurort" QSC-nin sanatoriyalarında diyetoloq yoxdur, menyular sanatoriyanın profilinə uyğun deyil, bütün müəssisələrdə eyni və keyfiyyətsiz yeməklər verilir. Səhiyyə Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi isə buna göz yumurlar.
Təcili olaraq Səhiyyə Nazirliyi və AQTA tərəfindən bütün sanatoriyalarda kompleks audit aparılmalı, menyu və ərzaq rasionları Səhiyyə Nazirliyinin tibbi-normativ aktlarına uyğunlaşdırılmalı, «Kurort» QSC-nin bütün sanatoriyalarında qida təchizatı müqavilələri və təchizatçılar yoxlanılmalı, dietoloqsuz fəaliyyət göstərən mətbəxlər dərhal bağlanmalı və məsul şəxslər inzibati cəzaya cəlb edilməlidələr.
Sanatoriyalara təyin olunmuş direktorların da əksəriyyətinin nə təcrübəsi nə də ki idarəetmə qabiliyyəti var. Əvvəlki məqalələrdə göstərdiyimiz kimi ən acınacaqlı vəziyyət «Şıx» sanatoriyasındadır. Əvvəlki iş yerində hörmətlə xatırlanmayan direktor «Şıx» sanatoriyasını ümumiyyətlə bərbad hala salmışdır. Faydalı iş görmək əvəzinə bəzi özünə yaxın işçilərdən qruplaşma yaratmış, xoşuna gəlməyən işçiləri şərləyib işdən çıxartmaqla və digər mənasız işlərlə məşğuldur.
Ən təəssüf doğuran məqamlardan biri odur ki, Prezident İlham Əliyevin ABŞ-dan mühüm siyasi mesajlar verdiyi gün sanatoriyanın foyesindən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin portretlərini çıxartdırıb və lazımsız əşya kimi kənara atdırıbdır. İki korpusun heç birində dövlət rəhbərlərinin şəkilləri yoxdur. Bu biyabırçılıq, zövqsüzlük, məsuliyyətsizlik, dövlət rəmzlərinə və dövlətçilik prinsiplərinə hörmətsizlikdir.
Sanatoriyanın ərazisi də pis gündədir. Ot basıb, vaxtında biçilmədiyinə görə yanıb, sap sarıdır. Ərazi sahibsiz itlərlə doludur. Bir neçə gün əvvəl İsrail vətəndaşı olan pasiyenti it dişləyib. Pasiyent yalnız öz hesabına quduzluğa qarşı peyvənd etdirə bilib. İstirahəti tamamilə pozulubdur. Rəhbərlik isə ona yalvararaq şikayət etməməsini istəyib.
Sanatoriya direktoruna yaxın personal direktorun himayədarlığı ilə «bizneslə» məşğuldular. Hərə bir cür pasiyentlərə fırıldaq gəlir. Sanatoriyanın massaj üzrə tibb bacıları pasiyentlərə ayı yağı tərkibli "özəl" kremlər satır, həkim xəbəri olmadan mətbəx streç kağızı ilə bədəni büküb "duzu parçalayırıq" deyirlər. Bu isə prosedur dərinin hava almasını məhdudlaşdırır və ciddi dermatoloji fəsadlar yarada bilər. Sanatoriyanın baş tibb bacısı isə fizioterapiya otaqlarında pasiyentlərə sistem köçürməklə məşğuldur. Hansı ki, bu cür prosedurların sanatoriyalarda həyata keçirilməsi Səhiyyə Nazirliyi tərəfindən qadağandır. Tibbi normativlərə zidd olaraq sanatoriyada ozonoterapiya proseduru da həyata keçirilir. Təbii ki, bütün bunlar pasiyentlərin sağlamlığının qorunması üçün deyil, pul qazanmaq üçündür. Belə ki, bu qanunsuz prosedurlara görə pasiyentlərdən əlavə pul alınır. «Şıx» sanatoriyasının tibb personalının əksəriyyətinin heç sertifikasiyası belə yoxdur. Məsələn laborant kimi sertifikasiyadan keçmiş Aynurə Cəbrayılova fizioterapiya ilə məşğuldur, mamaçalıq üzrə sertifikasiyadan keçmiş, saxta diplomlu Gürcüstan vətəndaşı Güləvatin Gülmamedova vanna prosedurlarını həyata keçirir. Deyilənlərə görə həmin işçinin Dövlət Miqrasiya Xidmətindən heç iş icazəsi belə yoxdur. Sertifikasiyadan keçməyən keçmiş qeydiyyatçı Sahibə Abbasova isə fonoforezlə məşğuldur. Darsanval fizioterapiya aparatı sıradan çıxdığına görə növbələr yaranır, təmir edən yoxdur. 2 aparatdan 1 işləyir. Almara Rəsulova adlı kiçik tibb işçisi neft quyusundan çıxan su ilə uzun müddət işlədiyinə görə astma xəstəliyinə dücar olmuşdur. Sanatoriyanın direktoru isə məsuliyyətdən yayınmaq üçün Almara Rəsulovanı şərləyərək işdən çıxartırmaq istəyir. Şikayətlər səngimir. Nöqsanlar aradan qaldırılmaq əvəzinə, sanatoriya rəhbərliyi tibb bacıları və digər personal vasitəsilə pasiyentlərdən şikayət və təklif kitabına müsbət rəylər yazmağı xahiş edir, hətta yalvarırlar. Masaj personalı isə xəstələrə “vannadakı suyun çox keyfiyyətli olduğu” barədə yalan təbliğat aparır.
Həmin sanatoriyanın direktoru öz funksional vəzifələrinin icrası və mövcud nöqsanların aradan qaldırılması ilə məşğul olmaq əvəzinə, bütün diqqətini və enerjisini qanunsuzluqlarına şərik olmayan, göz yummayan vicdanlı həkimlərdən birinə qarşı şəxsi prinsip yürütməyə sərf edir. O, idarəçilik işini kənara qoyaraq, həmin həkimi şərləyib işdən çıxarmaq üçün bütün imkanlarını səfərbər edib. Əlacı kəsilən həmin həkim isə ədalətsizliyə son qoymaq və hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
Təbii ki, sanatoriyalarda müalicə işlərinin belə bərbad vəziyyətə olması məhz əvvəllər Naftalandakı otellərdən birində qeydiyyatçı işləmiş hazırda isə QSC-nin müalicə şöbəsinin müdiri vəzifəsini daşıyan tibbi təhsili olmayan şəxsin və onu bu vəzifəyə təyin edən QSC baş direktorunun üzərindədir.
“Kurort” QSC rəhbərliyinin fəaliyyəti ölkənin kurort sistemini tamamilə iflic vəziyyətinə salıb. Sanatoriya işçiləri haqsızlıqla rastlaşdıqda ümid yeri kimi AHİK-ə müraciət edirlər, lakin heç bir dəstək və kömək görmürlər. AHİK və “Kurort” QSC rəhbərliyi bu şikayətlərdən və mətbuatda yazılan faktlardan nəticə çıxarmaq əvəzinə əksinə olaraq aqressivləşir ki, bu da onların psixoloji durumunun göstəricisidir. Belə şəxslərə sanatoriyaları idarə etməyi necə tapşırmaq olar?
Daxil olan məlumatlar göstərir ki, sanatoriyalarda hüquqları kobud şəkildə pozulan tibbi personalın şikayətlərinə AHİK rəhbərliyi tamamilə biganə yanaşır. Nəticədə, haqsızlığa dözməyən işçilər artıq həmkarlar ittifaqından üzvlükdən çıxmaq üçün ərizələr yazaraq, hüquqlarını müdafiə etmək məqsədilə məhkəmələrə və prokurorluq orqanlarına müraciət edib.
AHİK və “Kurort” QSC bu gün vətəndaşların sağlamlığını qoruyan deyil, onların hesabına gəlir götürən qurumlara çevrilib. Qapalı tanışlıq şəbəkəsi ilə idarəçilik, saxta tibbi xidmətlər, keyfiyyətsiz qida təminatı və şikayətlərin ört-basdır edilməsi- bütün bunlar göstərir ki, sistem bilərəkdən çürüdülür. Digər qurumlar da bu qanunsuzluqlara göz yumurlar, insanların həyatını təhlükə altına atırlar. Sanatoriya pasiyentlərinin qanuni şikayətlərini AHİK rəhbərliyi müxtəlif təsir mexanizmlərindən istifadə edərək prokurorluq orqanlarında boğdurur, beləliklə cinayət xarakterli əməllərin araşdırılmasının qarşısını alır.
Səhiyyə Nazirliyi, SOCAR və AHİK rəhbərliyindəki şəxslərin əlbir fəaliyyəti ilə nəinki qanunlar pozulur, həm də insan sağlamlığı ilə açıq-aşkar eksperiment aparılır.
"Şıx" sanatoriyasında pasiyentlərə guya müalicəvi termal su təqdim edilir. Əslində isə bu, neft quyularından çıxarılan plast (lay) suyudur. Onun tərkibində xloridlərin, sulfatların, neft mənşəli maddələrin, ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. Səhiyyə nazirliyi isə həmin suya AZS 216-2006 standartını veribdir. Hansı ki, həmin standart yalnız içməli mineral sulara aiddir və lay sularına tətbiq edilə bilməz. Lay sularının insan orqanizminə tətbiqi qəti şəkildə qadağandır. Səhiyyə Nazirliyi guya suyun keyfiyyətini yoxlayıb. Amma verdiyi rəydən də göründüyü kimi, yalnız sanatoriya ərazisindəki hovuzdan nümunə götürüb, mənbəyi, daşınma şəraitini, vannalardakı son vəziyyəti yoxlamayıb. Halbuki sanator-kurort müəssisələrinin sanitariya qaydaları tələb edir ki, müalicə məqsədilə istifadə olunan hər su mənbədən, nəqliyyatdan və istifadə nöqtəsindən nümunə götürülərək mikrobioloji analizdən keçirilsin. Bu “ekspertiza” faktiki olaraq saxtakarlıqdır və Nazirliyin məsul işçilərini də bu cinayətin birbaşa iştirakçısına çevirir. Ekologiya qurumları həmin suların dənizə hətda təmizləndikdən sonra belə axıdılmasına icazə vermir. Bu su təmizləndikdən sonra yalnız neft sənayəsində istifadə edilə bilər. Amma "Kurort" QSC bu suları təmizlənməmiş halda su maşınları ilə daşıyıb sanatoriyaya gətirib, qızdırır, pasiyentləri "müalicəvi su" adı ilə bu zəhərli suya salır. Mövcud qanunvericiliyə görə bu açıq-aşkar cinayətdir. Bu suların tərkibində yüksək miqdarda duz, ağır metallar, neft qalıqları, radioaktiv maddələr var və insan orqanizmi üçün qəti qadağandır. Sanatoriyanın işçilərinin bildirdiyinə görə neft quyusundan çıxan bu su vannalarını ölkə parlamentinin sədri və sanatoriyada müalicə alan digər dövlət orqanlarının rəhbərlərinə də təklif ediblər.
Şəhərin mərkəzinə yaxın, yüksək vəzifəli dövlət məmurlarının istirahət və müalicə aldığı «Şıx» sanatoriyasının bugünkü acınacaqlı vəziyyətini görən adam təsəvvür edə bilər ki, mərkəzdən və nəzarətdən uzaq yerləşən digər sanatoriyalar hansı dəhşətli durumda ola bilər.
Görünən odur ki, bu sistemin başında dayanan AHİK rəhbərliyi və Çingiz Hacıyev qətiyyən müstəqil idarəçi olmayıblar, öz komandaları yoxdur, təcrübəsizdirlər. Onların idarəsində olan kurort sistemi- lay suyu ilə “müalicə”, zəhərli qida, saxta prosedurlar, qohumbazlıq və total məsuliyyətsizlik bataqlığında batır. Bu artıq səhiyyə yox, açıq-aşkar cinayətdir. Prokurorluq, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları dərhal hərəkətə keçməli, bu fırıldaqçı şəbəkəni ifşa etməlidir.
Çingiz Hacıyev başda olmaqla onun vəzifələrə gətirdiyi otelçiləri sanatoriyaları məhv edib onların yerinə spa-otellər yaratmaq istəyirlər. Hansı ki, sanatoriya, sağlamlığı bərpa etmək və xəstəliklərin profilaktikası üçün iqlim, mineral sular, şəfalı palçıq, dəniz vannaları, idman, fizioterapiya və xüsusi qidalanma kimi müalicə üsullarından istifadə olunan sağlamlıq müəssisəsidir və sanatoriyaların əsas məqsədi, sağlamlığı kəskin şəkildə yaxşılaşdırmaq, xəstəliklərin inkişafını dayandırmaq və insanları daha sağlam həyat tərzinə yönəltməkdir. Spa oteli isə, qonaqlara rahatlama, sağlamlıq və gözəllik xidmətləri təklif edən otel növüdür. Bu otellərdə adətən masaj, bədən baxımı, üz qulluğu, fitnes mərkəzləri və digər sağlamlıq və gözəllik prosedurları mövcud olur. Spa otelin məqsədi şəfa vermək deyil, pul qazanmaqdır.
Çingiz Hacıyev və onun otelçi dəstəsi əvvəllər işlədikləri özəl oteldə hansı işlərlə məşğul olduqlarını Naftalan şəhərində yerləşən istirahət mərkəzlərinin işçiləri yaxşı bilirlər. Müsbət fikir söyləyən yoxdur.
Sanatoriyalara putyovka-göndəriş satan isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Kurort" Turizm İnformasiya Mərkəzi MMC-dir. Həmin MMC-nin direktoru şəhərimizin sakinlərinin yaddaşında qalmaqallı məktəb direktoru kimi qalmışdır. Məktəb direktoru hara sanatoriyalar hara? Zəhmətkeşlərin putyovkaların əldə olunmasından şikayətləri, sanatoriya və istirahət mərkəzlərinə putyovka ilə gedib orada yerlərin dolu olmasına görə çöllərdə qalanların məsuliyyəti məhz bu MMC-nin üzərindədir. Mətbuatda və sosial şəbəkələrdə putyovka alveri, endirim maxinasiyaları barədə kifayət qədər fakt var. Hətta Nabranın “Oberlyuks” və digər otelinə putyovka ilə gedənlərə yer olmadığı bəhanəsi ilə qalmağa imkan verilməməsinə də dair məlumatlar yetərincədir.
Qeyd etmək lazımdır ki, əvvəllər putyovkaların qeydiyyatı adi jurnallarda aparılırdı və bu qədər problem yox idi. Lakin yeni rəhbərlik inovasiya gətirmiş, putyovkaların hərəkəti kompyter vasitəsi ilə aparılır və şikayətlər səngimir. Başa düşmək olmur ki, günah kimdədir, kompyuterdə və ya onu proqramlaşdıranda. Mərkəzin telefonları isə heç vaxt cavab vermir.
Sovet dövründə Azərbaycan kurort və sanatoriya xidməti ilə təkcə ölkə daxilində deyil, bütün İttifaq miqyasında tanınırdı. Buraya gələn insanlar təbiətin gözəlliyindən zövq alır, təbii müalicəvi amillər və peşəkar tibbi xidmət sayəsində sağlamlıqlarını bərpa edirdilər. Sanatoriya - yalnız istirahət yeri deyil, sağlamlığın qorunması və bərpası üçün xüsusi təşkil olunmuş, təbiət və tibbin sintezindən ibarət bir müalicə məkanı idi. Lakin Sahib Məmmədovun Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına, ardınca isə Çingiz Hacıyevin “Kurort” QSC-yə rəhbər təyin olunmasından sonra bu sistem tamamilə iflic vəziyyətinə düşüb. Sanatoriya anlayışı bu gün arxaik, boş bir sözə çevrilib. Sovet illərində sanatoriyalar dəqiq işləyən bir dövlət sistemi çərçivəsində fəaliyyət göstərirdi. Putyovkalar həmkarlar ittifaqları vasitəsilə paylanır, pasiyentlərin müalicəsi və istirahəti elmi əsaslarla təşkil olunurdu. Bu gün isə vəziyyət tam əksinədir - rəhbərlikdə bu sahəni tanımayan, tibbi və idarəetmə təcrübəsi olmayan şəxslər oturub. Onlar üçün əsas məqsəd sistemi inkişaf etdirmək deyil, şəxsi kadr siyasəti aparmaq, dost-tanış və qohumları işə doldurmaqdır.
Dünya təcrübəsində bəlneologiya - reabilitasiya və profilaktikanın mühüm tərkib hissəsi sayılır. Azərbaycanda isə bu sahə faktiki olaraq yox edilib. Fiziki tibb inkişaf edərək reabilitasiya təbabətinə inteqrasiya olunub, lakin kurort tibbi peşəkar hazırlıqdan kənarda qalıb. Bu gün Azərbaycanda bir nəfər də olsun həkim bəlneologiya üzrə tam ixtisas təhsili almır. Dövlət başa düşməlidir ki, kurort tibbi - nə lüks, nə də kaprizdir. Bu, sağlamlığın qorunması, əlilliyin qarşısının alınması və xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün real vasitədir. Əgər dövlət sanatoriyaların bərpasını, kurort tibbinin yenidən dirçəldilməsini istəyirsə, ilk növbədə real islahatlar apara biləcək, sahəni dərindən bilən peşəkarları gətirməlidir. Əks halda, “sanatoriya” sözü Azərbaycan reallığında çox keçmədən yalnız köhnə fotoşəkillərdə və nostalji xatirələrdə qalacaq.
P.S. Redaksiya Səhiyyə Nazirliyi, AQTA, AHİK, “Kurort» QSC və digər dövlət orqanları, müəssisə və təşkilatlara da məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.