Birinci sinif şagirdlərinin adaptasiya problemləri və proqramın ağırlığını nəzərə alaraq tehsilmedia.az Peşəkar psixoloq Nizami Orucova müraciət edərək məsələ ilə bağlı öz məsləhətlərini bildirməsini xahiş etdi.
"Birinci sinif uşaqları üçün məktəbə adaptasiya prosesi həm emosional, həm də fiziki baxımdan çətin ola bilər. Çünki uşaq ilk dəfə ailə mühitindən çıxaraq, yeni qaydalarla tanış olur. Valideynlərin məktəbə buraxılmaması, xüsusilə ilk həftələrdə uşağın özünü tək və narahat hiss etməsinə səbəb ola bilir. Digər tərəfdən, uzun dərs saatları, fərqli fənn müəllimləri ilə ünsiyyət, tualet ehtiyacını deməkdə çətinlik çəkmələri uşaqlarda gərginlik yaradır. Bundan əlavə, tədris proqramının ağırlığı – hərflərin qısa müddətdə çoxlu sayda öyrədilməsi və yazı bacarığının zəif inkişaf etməsi uşaqlar üçün əlavə yüklənmə deməkdir. Bu səbəbdən valideynlərin və müəllimlərin daha səbirli yanaşması, uşağın emosional ehtiyaclarını görməsi, adaptasiya dövrünü xeyli asanlaşdırır."