Artıq bir ildən çoxdur ki, Elm və Təhsil nazirliyinin tabeliyində 12 regional Təhsil İdarəsi, onların tabeliyində isə şəhər, rayon təhsil sektorları fəaliyyət göstərir. Lakin təəssüflər olsun ki, bəzi Regional Təhsil İdarələrinə Dövlət Qulluğu İmtahanında uğurlu nəticə göstərməyən şəxslər təyin edilir. Ən acınacaqlı məqam isə odur ki, Rayon Təhsil Sektorunun müdiri vəzifəsində çalışan şəxslərin tabeliyində işləyən baş məsləhətçi və mütəxəssislər dövlət qulluğu imtahanlarında iştirak edərək uğur qazanırlar. Lakin buna baxmayaraq imtahandan kəsilən rəhbərlərin tabeçiliyində çalışırlar. Bəs görəsən, bu cür natamam və qeyri-şəffaf prinsiplə işləmək kimlərə sərf edir? Ümumiyyətlə, Təhsil Qanunu bu cür hallarla bağlı nə deyir? Mövzu ilə bağlı "
TehsilMedia.az"a açıqlama verən təhsil eksperti
Adil Vəliyev bildirib ki, bu kimi qurumlara rəhbər şəxslərin təyin edilməsində dövlət qulluğunun məcburiyyəti olmamalıdır: "Çünki dövlət qulluğu imtahanından keçib hər hansısa bir rəhbər vəzifəyə təyin edilən şəxsin idarəçilik qabiliyyətinin olmaması mümkündür. Bu, xoş ünsiyyətin, idarəçilik bacarığının, yaxud kommunikasiya ilə işləmək qabiliyyətinin olmamasıdır. Yəni imtahandan keçmək həmin şəxsin vəzifəsini heç də layiqincə yerinə yetirəcəyi anlamına gəlmir. Düşünürəm ki, belə təyinatlar varsa, o zaman dövlət qulluğu imtahanının nəticəsi nəzərə alınmamalıdır. Amma digər vəzifələrə təyin olunmaq üçün imtahanın keçirilməsini məqbul hesab edirəm. Çünki rəhbər şəxsin idarəetmə bacarıöğı olmalıdır. Bu isə heç cür imtahan vasitəsilə qazanıla bilən bir məsələ deyil. Amma digər vəzifələrə ( baş məsləhətçi, mütəxəssis və sair) təyinatda iş görmək qabiliyyəti əsas götürülməlidir. Yəni şəxslərin həmin sahə haqqında məlumatları mütləq olmalıdır. Onlar mütləq şəkildə imtahandan keçməlidirlər".
Müşviq Tofiqoğlu,
TehsilMedia.az