Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən müəllimlər üçün təlimlər keçirilir.
İdarədən bildirilib ki, təlimlərdə Məktəbin İnkişaf Planı yazılan 30 ümumi təhsil məktəbinin müəllimləri iştirak edir. Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafına dəstək vermək və ümumi təhsildə keyfiyyətin daha da yüksəlməsinə nail olmaqdan ibarətdir.
İnteraktiv təlimlərdə 4 modul - fənn kurikulumlarının strukturu, təlim nəticəsinin çıxarılması və şagirdlərə elan edilməsi, məktəbdaxili qiymətləndirmə, təlim modelləri, səmərəli dərsin təşkilinə dair tələblər haqqında geniş məlumat verilir.
Təlimlərdə müəllimlərə müxtəlif istiqamətli praktiki tapşırıqlar verilir, qarşılıqlı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallara aydınlıq gətirilir.
Qrup işlərinin yerinə yetirildiyi təlimlərin davam etdirilməsi nəzərdə tutulur.