“Dərsliklər uşaqların yaşına və inkişaf səviyyəsinə uyğun olmalı, həmçinin onların maraq və ehtiyaclarını qarşılamalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.
“Orta məktəblərdə ibtidai sinif dərslikləri, uşaqların təhsilə ilk addımlarını atdıqları və təməl bilikləri mənimsədikləri ən vacib resurslardan biridir. Təəssüf ki, mövcud dərsliklərdə hələ də bir sıra problemlər qalmaqdadır. Bu dərsliklər uşaqların yaşına və inkişaf səviyyəsinə uyğun olmalı, həmçinin onların maraq və ehtiyaclarını qarşılamalıdır.
Təhsil tədqiqatçısı John Dewey qeyd edir ki: “Uşaqların təhsil təcrübəsi onların maraqları və təbii şəkildə öyrənmək ehtiyacları ilə uyğun gəlməlidir. Təhsil prosesi tədqiqat və kəşf üzərində qurulmalıdır.”
Bu yanaşma göstərir ki, ibtidai sinif dərslikləri yalnız nəzəri biliklərdən ibarət olmamalı, həm də şagirdlərdə yaradıcılığı, tənqidi düşüncəni və problemi həll etmə qabiliyyətlərini inkişaf etdirməlidir. Hazırkı dərsliklər məzmunca çox qəliz, lazımsız informasiya ilə dolu və çox mürəkkəbdir. Bu isə şagirdlərin tədris prosesindən uzaqlaşmasına səbəb olur.
Linda Darling-Hammond dərsliklərdə praktiki yanaşmanın əhəmiyyətini vurğulayaraq bildirir ki: “Uşaqlar üçün dərsliklər real həyatda istifadə edə biləcəkləri bacarıqlar aşılamalı və onların maraqlarına uyğun məzmunla zənginləşdirilməlidir.”