Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Sübhan Əsgərzadə və Tural Abdullazadə ilə ilk görüşünü keçirib.
Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, Emin Hüseynov qalibləri təbrik edib və onların gələcək inkişafına dəstək göstərəcəyini bildirib. O, fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu deyib. Prezidentin xüsusi nümayəndəsi layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qaliblərinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onlarla peşəkar əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, qaliblərin hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini bildirib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə mentorluq proqramı çərçivəsində Emin Hüseynova yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu, birillik fərdi inkişaf planının icrasında maraqlı olduqlarını vurğulayıblar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.