Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
BŞTİ-dən bildirilib ki, tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair keçirilən görüşlər barədə danışan M.Vəliyeva yaradıcı müəllimlərin yenilikçi təşəbbüslərlə təhsilimizə yeni məzmun gətirəcəklərinə inamını ifadə edib.
Sürətlə dəyişən dövrün müəllimdən yeni axtarışlar, ideyalar, yeni yanaşmalar, yenilikçi təşəbbüslər tələb etdiyini deyən M.Vəliyeva bu baxımdan “Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" kimi müsabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, qabaqcıl təcrübə, yaradıcılıq, intuisiya, öz işini və uşaqları sevmək, təşkilatçılıq, idarəçilik və digər xüsusiyyətlər müəllim peşəsinin özünəməxsusluğunun əsas göstəriciləridir.
M.Vəliyeva müsabiqədə iştirak edən müəllimlərin dəyişən, yeniləşən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə yaradıcı, yenilikçi və daim öz üzərində çalışan müəllimləri aşkara çıxarmaqda, onları bütün ictimaiyyətə təqdim etməkdə bu cür müsabiqələrin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib.
Daha sonra müsabiqədə I, II və III yerə layiq görülmüş müəllimlərə diplomlar təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.