Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin ali məktəblər üçün hazırladıqları “Dəmiryol nəqliyyatının hərəkət vasitələri” adlı yeni dərslik nəşr olunub.
AzMİU-dan bildirilib ki, Nəqliyyat və logistika kafedrasının müəllimləri - İsrail Eyvazov, Bulud Bağırov, İlham Hüseynov, Afiq Nəzərov və Ramin Abdullayevin həmmüəllifliyi ilə hazırlanan dərslikdə dəmiryol nəqliyyatının əsas xarakterik xüsusiyyətləri araşdırılıb, vahid nəqliyyat sistemində Azərbaycan dəmiryol nəqliyyatının tarixi rolu və əhəmiyyəti göstərilib. Kitabda dəmiryol nəqliyyatının hərəkət vasitələrinin təyinatı, təsnifatı və konstruktiv özəllikləri haqqında ətraflı məlumatlar da yer alıb. Yük və sərnişin vaqonlarının əsas hissələri, onların konstruksiyası, vaqonların qabariti, texniki göstəricilərinin təyini, şəhər nəqliyyatında istismar edilən vaqonların konstruktiv xüsusiyyətləri, tətbiq olunan müasir texnologiyalar haqqında materiallar metodiki ardıcıllıqla əks olunub.
Dərslik ali məktəblərin nəqliyyat mühəndisliyi və logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri üçün nəzərdə tutulub. Kitabdan, həmçinin dəmiryol nəqliyyatının istehsalat sahələri və müəssisələrində çalışan mütəxəssislər, eləcə də nəqliyyat ixtisaslaşmaları üzrə təhsil olan magistrantlar istifadə edə bilərlər.