Mayın 17-də Bakı Slavyan Universitetində (BSU) Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov tərəfindən keçirilən BSU-nun professor-müəllim heyəti üçün "Ali təhsilin uğuru üçün mühüm təməl: müasir auditoriya məşğələləri" mövzusunda təlimlərə start verilib.
TehsilMedia.az xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev Asif Cahangirovu və tədbir iştirakçılarını salamlayıb və təlimin məqsədinin mahiyyəti barədə məlumat verib. Rektor bu kimi təlimlərin vacibliyini qeyd edib və davamlı olacağını bildirib.
Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov ali təhsilin uğuru üçün mühüm təməllər, ali təhsilin uğuru üçün mühüm təməl: müasir auditoriya məşğələləri” mövzusunda təlimlər çərçivəsində ilk təqdimatla çıxış edib. O, təqdimatın strukturu haqqında danışaraq, XXI əsr və onun qurucuları, Planetimiz: aktual zaman kəsiyində, Nəsillər nəzəriyyəsi, Auditoriya məşğələləri: mövcud vəziyyət və zəruri hazırlıq addımları, Ənənəvi mühazirə xüsusiyyətləri, E.Deyl: təlim piramidası, Ali məktəb: optimal tədris-təlim prosesi, Məşğələlərə səmərəli hazırlıq: təqdimat, Suallar sistemi bölmələri üzrə geniş təqdimatla çıxış edib. Asif Cahangirov öz çıxışında bu sahədə olan nəzəriyyələr və tendensiyalar, onların praktiki yollarına toxunub. A və Z nəslinin fərqli cəhətləri, tələbə-müəllim münasibətləri, tədris-təlim prosesinin səmərəli idarə olunması, öyrədilənlərin mənimsəmə səviyyəsi barədə danışıb.
İnteraktiv keçirilən təlim zamanı auditoriya tərəfindən müxtəlif tapşırıqlar yerinə yetirilib, fikir mübadiləsi aparılıb.
Təlim sual-cavab və müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, "Ali təhsilin uğuru üçün mühüm təməl: müasir auditoriya məşğələləri" mövzusunda təlimlər digər mövzularla davam edəcək.