SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 9-cu sinif şagirdləri üçün “Açıq qapı” günü təşkil edilib.
TehsilMedia.az xəbər verir ki, şagirdlər Ali Məktəbin tədris proqramları, burada yaradılmış beynəlxalq təhsil mühiti, inkişaf və digər imkanlar haqqında məlumatlandırılıb, onlara kampus gəzintisi təşkil edilib.
İştirakçılar Konqres zalı, Senat zalı, Neft Muzeyinin eksponatları, kitabxana, üzgüçülük hovuzu, iki qapalı idman zalı, tələbə yeməkxanası, auditoriyalar, müasir tədris laboratoriyaları, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
Qonaqlara Ali Məktəbin fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi yerli və xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri barədə məlumatlar verilib.