SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının builki məzunu Cavid İsayev 9 ölkənin 17 universitetindəki, 16 proqrama qəbul olub, bir neçə təqaüd qazanıb.
TehsilMedia.az xəbər verir ki, BANM-in məzunu ABŞ-nin Corciya Texnologiya İnstitutu, Böyük Britaniyanın London İmperial Kolleci, Mançester Universiteti, Finlandiyanın Aalto Universiteti, Oulu Universiteti, Lappeenranta Texnologiya Universiteti, Belçikanın Gent Universiteti, İsveçin KTH Kral Texnologiya İnstitutu, Fransanın Bordo Universiteti, Troyes Texnologiya Universiteti, Almaniyanın Darmştadt Texniki Universiteti, İtaliyanın Roma Sapienza Universiteti, Padua Universiteti, Bolonya Universiteti, Bari Aldo Moro Universiteti, Polşanın Yagellon Universiteti, Krakov Texnologiya Universitetindən müsbət cavab alıb.
BANM məzununun qazandığı təqaüdlər:
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”: Gent Universiteti (Belçika), Ətraf mühit elmləri texnologiyası
AMIR (Qabaqcıl materiallar: Yenilikçi təkrar emal) Erasmus Mundus: Fransa, Almaniya; Ümumi təqaüd- 51 600 avro
BioRef (Biokütlə Emalı Zavodları) Erasmus Mundus: Fransa, Polşa, İtaliya; Ümumi təqaüd- 47 000 avro
Oulu Universiteti (Ətraf mühit mühəndisliyi): Finlandiya - Qismən maliyyələşdirmə
O, Fransanın Bordo Universiteti və Almaniyanın Darmştadt Texniki Universitetinin AMIR birgə proqramı ilə təhsil alacaq.
Cavid BANM-də təhsil aldığı müddətdə aktivliyi ilə seçilib. Onun kapitanı olduğu "Həkəri" komandası Bakıda keçirilən “Teknofest” yarışında iki fərqli müsabiqədə 3-cü yeri qazanıb. O, Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyası (EAGE) və Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin keçirdiyi XXV Yubiley Beynəlxalq Tələbələrin və Gənc Tədqiqatçıların Konfransında 1-ci yerin, Hyuston Universiteti, Marietta Kolleci və “PioPetro”nun təşkilatçılığı ilə keçirilmiş “Yer, Enerji və Ətraf Mühit (E3) Tələbə Konfransında və Texniki Təqdimatlar müsabiqəsi”də 2-ci yerin qalibi olub. Həmçinin Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunmuş I Rəqəmsal İdeya müsabiqəsində kapitanı olduğu “Xudayar” komandası 1-ci yeri tutub.
Cavid Kimya mühəndisliyi üzrə “AzerGold” Tələbə təqaüdünün qaliblərindən biri, NASA İnsan Kəşfiyyatı Rover müsabiqəsində 2 il ardıcıl Azərbaycanı təmsil etmək hüququ qazanan BANM komandasının üzvü olub.