Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu imtahanda 22400-dən çox abituriyent iştirak edib.
İyulun 23-də isə IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. Bu imtahanda 12600-dən çox abituriyent iştirak edib.
Təhsil ictimaiyyəti I və IV qruplar üzrə 2-ci cəhd qəbul imtahanlarının nəticələrinin nə zaman açıqlanacağı ilə maraqlanır.
TehsilMedia.az-ın azedu.az-a istinadən, məlumatına görə, məsələ ilə bağlı DİM-dən bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu isə təxminən avqustun birinci həftəsi deməkdir. Başqa sözlə, I və IV qruplar üzrə 2-ci cəhd qəbul imtahanlarının nəticələri avqustun 7-dək açıqlanacaq.
DİM onu da bəyan edib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 10-dan sonra aparılacaq.