“Parlaq gələcəyim” layihəsi çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzununun Göyçay məktəbliləri ilə görüşü keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirin spikeri proqram çərçivəsində Birləşmiş Krallığın Birminhem Universitetində kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsili almış və hazırda “Azərbaycan qadınları elmdə” təşkilatının rəhbəri, həmçinin Edinburq Universitetinin doktorantı kimi fəaliyyət göstərən Günel Ağabəyli olub. Dövlət Proqramı məzunu mühəndislik sahəsinin əhəmiyyətindən, bu sahədəki karyera imkanları və təhsili barədə məlumat verib.
150-ə yaxın məktəblinin iştirak etdiyi tədbirdə həmçinin “2022-2026-cı illər üzrə Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) qəbul barədə məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.