Kanadanın Vohn-Vudbric şəhərindən (Vaughan-Woodbridge) seçilmiş deputat Françesko Sorbara tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Tədbirə Novruz bayramını qeyd edən müxtəlif xalqların nümayəndələri dəvət olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ölkəmizi tədbirdə Kanadada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə yanaşı, Toronto şəhərindəki Azərbaycan Evi təmsil edib. Belə ki, Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə müxtəlif rəqs nömrələri, o cümlədən Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısına qurulmuş rəqsi və “Qaval” rəqsini ifa ediblər. Rəqslərimiz tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Françesko Sorbara və Vohn şəhərinin meri Steven Del Duka həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik edib.