Məlumdur ki, artıq ali məktəblərdə yeni tədris ilinə başlanılıb. Tələbələrin ən çox şikayətləndiyi mövzulardan biri də bufetdəki qiymətlərlə bağlıdır. Müşahidələr onu göstərir ki, marketdə olan məhsulun qiymətinə nisbətən bufetlərdəki qiymətlər daha bahadır.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli açıqlamasında bildirib ki, bu kimi məsələlərin hər biri tələbələrin marağına xidmət etməli, onların cibinə uyğun olmalıdır:
“Hazırda tələbələrin bufetlərdəki qiymətlərlə bağlı tez-tez şikayətləndiyini müşahidə edə bilirik. Nəzərə alsaq ki, bufetlər universitetdən kənarda yerləşmir və onlar əlavə icarə haqqı ödəmirlər. Bu zaman bahalığın olması düzgün deyil. Lakin hələ də bu barədə düşünən yoxdur.
Universitetlərin əksəriyyəti publik hüquqi şəxsə çevrilib. Yaxşı olardı ki, həmin univeristetlərin təsərüffatları, istehsal məntəqələri olsun. Çünki artıq publikdir, həm iqtisadi, həm də maddi cəhətdən özü-özünü təmin etməlidir.
Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələ ilə maraqlanmalıdır. Ərzaq təminatı, digər məsələlər ilə bağlı xüsusi vaxt aşırı reydlər keçirməlidir”.