Gürcüstanın Dmanisi şəhərində fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev - 100” adlı kitabın təqdimatı keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, "Alyans” Gənclər Mərkəzinin əməkdaşları, Dmanisi Tədris Mərkəzinin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan mərkəzin icraçı direktoru Kamran Xıdırov gürcü dilində nəşr olunmuş kitabda xalqımızın dahi şəxsiyyətinin həyat və fəaliyyəti, həyata keçirdiyi neft strategiyası, "Əsrin müqaviləsi”nin imzalanması, eləcə də irimiqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstandan keçməsində və ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafındakı rolu barədə məlumatın əks olunduğuna diqqəti cəlb edib.
"Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova bildirib ki, bu kitab gürcü ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında nəşr olunmuş kitab artıq Gürcüstanın ali təhsil ocaqlarına və kitabxanalarına hədiyyə edilib.
Komitənin adından "Heydər Əliyev - 100” kitabı Dmanisi Tədriz Mərkəzinin kitabxanasına hədiyyə olunub.