Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) alimləri də iştirak edib və iki elmi məruzə təqdim ediblər. Məruzələrdən biri texniki, digəri isə elmi sessiyada dinlənilib.
Rəsədxanadan "
TehsilMedia.az"a bildirilib ki, beynəlxalq konqresdə iştirakçılar ilə qlobal tendensiyalar, astronomiya sahəsində tərəfdaşlıq və əməkdaşlıq yolları müzakirə edilib. Qazaxıstanın Alma-Ata Dövlət Universitetindən olan alimlər rəsədxana ilə birgə elmi tədqiqatların aparılması üçün ŞAR-ın şəhər bölməsində olublar. Burada təşkil olunmuş elmi seminarda fizika və astronomiya üzrə fəlsəfə doktoru Gülnur Subebekova çıxış edərək astronomik materialların yeni üsulla emalı barədə məlumat verib. Çıxışın yekununda birgə əməkdaşlığın aspektləri müzakirə olunub.
Konfrans iştirakçıları, həmçinin Şamaxı Astrofizika Rəsədxanasına (Pirqulu) gediblər. Səfər zamanı Qazaxıstanın Fesenkov adına Astronomiya İnstitutunun direktoru Çingiz Ömərovun rəhbərliyi ilə qazaxıstanlı astronomlar, eləcə də Polşada astronomik cihazlar üzrə çalışan Yaroslav Malinovski rəsədxananın infrastrukturu ilə tanış edilib. Qonaqlara rəsədxanada aparılan elmi tədqiqat işləri, beynəlxalq qrantlar çərçivəsində görülən tədbirlər haqqında geniş məlumat verilib, astrofizika və kosmologiyanın qarşılıqlı maraq doğuran sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Səmərəli keçən səfərin yekununda Fesenkov adına Astronomiya İnstitutu ilə Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlığın rəsmiləşdirilməsi, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi üçün qarşılıqlı elmi ezamiyyətlərin təşkili və birgə elmi tədqiqatların aparılması üzrə ilkin razılıq əldə olunub. Həmçinin türkdilli dövlətlərin birgə Astronomiya Cəmiyyətinin təsis edilməsi ilə bağlı danışıqlar aparılıb və bu istiqamətdə birgə işlərə başlanması nəzərdə tutulur.