AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən 2023-cü ildə elm və texnologiya nominasiyası üzrə mükafata layiq görülüb. İradə Hüseynova təşkilata üzv ölkələrin namizədləri sırasından qalib seçilib.
TehsilMedia.az xəbər verir ki, bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, İƏT-in Baş katibi Xusrav Nozirinin imzaladığı müvafiq sertifikat, medal, eləcə də pul mükafatı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında iştirak etmiş Azərbaycanın İran İslam Respublikasındakı səfiri Əli Əlizadəyə təqdim olunub.
AMEA-nın Rəyasət Heyətində həmin mükafatın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik İradə Hüseynovaya verilən bu mükafatın, həmçinin bütün Azərbaycan alimlərinin, eləcə də akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin uğuru olduğunu bildirib.
Akademik İradə Hüseynova ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə və AMEA-ya dərin minnətdarlığını bildirib.
Sonra İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2023-cü ildə elm və texnologiya nominasiyası üzrə yüksək elmi nailiyyətlərinə görə təltif olunmuş AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovaya medal, sertifikat və pul mükafatı təqdim olunub.
İqtisadi Əməkdaşlıq Təşkilatının müxtəlif sahələr üzrə təsis etdiyi mükafatlar hər nominasiya üzrə Təşkilata üzv ölkələrdən təqdim edilmiş namizədlər sırasından seçilmiş bir nəfərə verilir.