Beynəlxalq Həmrəylik Qrupunun dəstəyi ilə “Gələcək inkişaf: ekoloji problemlər və onların həlli yolları” adlı beynəlxalq konfrans keçirilib.
TehsilMedia.az xəbər verir ki, onlayn formatda təşkil olunmuş konfransda Qrupun müxtəlif ölkələri təmsil edən koordinatorları, o cümlədən Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs, Rusiyanın Smolensk Humanitar Universiteti və Smolnıy Universiteti təşkilatçı qismində çıxış edib.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Hollandiya, Avstraliya, İordaniya, Qırğızıstan, Gürcüstan, Qazaxıstan, Kanada, Ukrayna, Estoniya, İtaliya, İngiltərə, Fransa, Tacikistan, ABŞ-dan millət vəkilləri, alimlər, ictimai xadimlər, diaspor liderləri, gənclər, müəllimlər, hüquqşünaslar, jurnalistlər, politoloqlar, araşdırmaçılar, dövlət orqanlarının təmsilçiləri və s. iştirak ediblər.
Coğrafiya İnstitutunun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani “Dünyada müşahidə edilən iqtisadi inkişafın ekoloji fəsadları”, şöbə müdiri c.e.d., dosent Nəriman Paşayev “Təbii fəlakətlərin əhalinin məskunlaşmasına təsirinin ekoloji aspektləri”, şöbə müdiri dosent Mirnuh İsmayılov “Şirin su ekosistemlərinin ekoloji problemləri” adlı məruzə ilə çıxış ediblər.
Sonra dünyada və Azərbaycanda baş verən ekoloji problemlər, onlardan çıxış yolları və gənc nəslin maarifləndirilməsi istiqamətində görülə biləcək işlər müzakirə edilib.