Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Elmi tədqiqatların qiymətləndirilməsində bibliometriyanın rolu” mövzusunda elmi seminar keçirilib.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Aytac İskəndərli mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə bibliometriya anlayışını şərh edib, yaranma tarixi, formalaşması, inkişaf dövrləri və eyni zamanda, tətbiq sahələri barədə məlumatı diqqətə çatdırıb. Məruzədə elmi tədqiqatlar, onların qiymətləndirilməsi və bu prosesdə bibliometrik üsullardan istifadə məsələsinə xüsusi yer ayrılıb, dünyanın aparıcı ölkələrinin iş təcrübəsindən nümunələr gətirilib, bir sıra müqayisəli təhlillər aparılıb.
Tədqiqatda respublikamızda elmi kommunikasiya mühitinin səciyyəsi verilib, bu sahədə ölkəmizdə aparılan islahatların əsas istiqamətləri şərh olunub. Məruzədə, həmçinin elmi tədqiqatların səmərəliliyini ölçən metrik vasitələr, hesablanma qaydaları geniş izah olunub, müasir paradiqmalar, xüsusilə Hirş indeksi və onun hesablanma qaydaları barədə məlumat dinləyicilərə çatdırılıb.
Məruzəçi beynəlxalq xülasələndirmə bazaları üzrə Azərbaycan və dünya alimlərinin məhsuldarlıq göstəricilərinə dair nümunələri də təqdim edib.
Sonra müzakirələr aparılıb.